Avropa ölkələri fəlakətlərə hazırlığın artırılmasına çağırır- ÖZƏL

Niderland və daha yeddi Avropa ölkəsi Avropa Komissiyasına müraciət edərək əhalinin texnogen və təbii fəlakətlərə hazırlığının artırılmasını təcili şəkildə təmin etməyə çağırıb. Olaylar.az xəbər verir ki, bu barədə Financial Times qəzeti Niderlandın təhlükəsizlik və ədliyyə naziri David van Vilə istinadən məlumat yayıb.
Van Vil və onun Belçika, Lüksemburq, Finlandiya, İsveç və Baltikyanı ölkələrdən olan həmkarları 22 may tarixində Brüsseldə görüş keçiriblər. Görüş zamanı nazirlər Avropa İttifaqının müdafiəyə böyük vəsaitlər ayırdığı bir zamanda, ölkələrin dayanıqlılığını necə artırmaq yollarını müzakirə ediblər.
"Biz hamımız bilirik ki, ətrafımızdakı dünya dəyişir. Yeni geosiyasi vəziyyətdəyik və böhran, hətta müharibə təhlükəsi realdır," - deyə van Vil görüşdən sonra FT-yə bildirib.
Nazirin sözlərinə görə, bu şəraitdə Aİ ölkələri birgə şəkildə xəbərdarlıq sistemləri yaratmalı, sığınacaqlar təşkil etməli və ərzaq ehtiyatları toplamalıdır. "Bəzi ölkələr yeni siqnal sistemləri qurublar, digərləri isə belə sistemlərdən 25 il əvvəl imtina ediblər. Yanaşmalar çox fərqlidir," - deyə o qeyd edib.
Van Vil hesab edir ki, Avropa İttifaqı ən pis ssenariyə - yəni hərbi münaqişə nəticəsində baş verə biləcək böhrana hazır olmalıdır. Bu halda yerli səviyyədəki fəlakətlərlə mübarizə də daha asan olacaq.
Qeyd edək ki, mart ayında Avropa Komissiyası Avropanı mümkün münaqişəyə, kiberhücumlara, pandemiyalara və iqlim böhranının nəticələrinə qarşı hazırlıqlı olmağa çağırmışdı. Bu çərçivədə Brüssel Aİ vətəndaşlarına böhran zamanı 72 saat ərzində xarici yardımsız yaşamaq üçün su, dərman, batareya və ərzaq ehtiyatı yaratmağı tövsiyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31