Süni intellekt xərçəngə qarşı dərman HAZIRLAYIR - 2030-cu ilədək...
16:01 DünyaTamamilə süni intellekt (AI) texnologiyası ilə hazırlanmış tibbi preparatlar bu onilliyin sonuna qədər bazara çıxacaq.
Olaylar.az xəbər verir ki, bu fikri Honqkonqda yerləşən biotexnologiya şirkəti "Insilico Medicine"in rəhbəri Aleks Javoronkov "Bloomberg" agentliyinə bildirib.
Onun sözlərinə görə, bu cür dərmanlar yaxın beş-altı il ərzində satışa çıxarıla bilər.
Məqalədə qeyd olunur ki, əczaçılıq sənayesində süni intellektin tətbiqi ilə araşdırma və hazırlıq prosesinə sərf olunan vaxt və xərclərin azaldılacağı uzun müddətdir müzakirə olunur.
Lakin bu vaxta qədər Aİ ilə yaradılmış heç bir preparat rəsmi şəkildə təsdiq edilməyib.
2024-cü ildə kimya sahəsində Nobel mükafatı laureatı olan britaniyalı Demis Hassabis isə daha əvvəl bildirib ki, süni intellektlə hazırlanmış onkoloji, ürək-damar və neyrodegenerativ xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan ilk preparatın klinik sınaqlarına 2025-ci ilin sonunadək başlanacaq.
Onun sözlərinə görə, bir dərmanın hazırlanması orta hesabla 5-10 il vaxt aparır. Lakin bu prosesi 10 dəfə sürətləndirmək mümkündür və bu da səhiyyə sahəsində əsl irəliləyiş ola bilər. Qeyd edək ki, Demis Hassabis "Google" korporasiyasının süni intellekt üzrə bölməsi olan "DeepMind" şirkətinin baş direktorudur.