Slovakiya: "Ukraynada sülh əldə olunduqdan sonra Rusiya ilə münasibətlər normallaşdırılmalıdır"- ÖZƏL
21 May 2025 15:46 DünyaSlovakiyanın Xarici və Avropa İşləri naziri Yuray Blanar bildirib ki, Ukraynada atəşkəs və sülh əldə olunduqdan sonra Rusiya ilə münasibətlərin normallaşdırılması zəruridir. Olaylar.az xəbər verir ki, bu barədə TASR agentliyi məlumat yayıb.
Nazir qeyd edib ki, Avropa İttifaqının Rusiya Federasiyasına qarşı tətbiq etdiyi 17-ci sanksiya paketi gözlənilən nəticəni vermir. "Sanksiyalar döyüşlərin dayandırılmasına töhfə vermir. Bu problem yalnız ardıcıl və cəsarətli danışıqlar yolu ilə həll edilə bilər. Bu cür təşəbbüsü vaxtilə ABŞ prezidenti Donald Tramp irəli sürmüşdü", - deyə Blanar vurğulayıb.
O, əlavə edib ki, iqtisadi baxımdan Aİ-nin Rusiya ilə əlaqələri tamamilə kəsməsi mənfi nəticələr doğuracaq: "Ənənəvi ticarət-iqtisadi əlaqələrin kəsilməsi Avropanın rəqabət qabiliyyətini aşağı salacaq. ABŞ və Çin kimi güclü dövlətlər öz iqtisadi maraqlarını daim qoruyurlar. Biz də sülh əldə olunduqdan sonra Rusiya ilə münasibətləri tam kəsmək yox, normallaşdırmaq yolunu tutmalıyıq".
Yuray Blanar, həmçinin bildirib ki, sülh danışıqları davam etməlidir. O xatırladıb ki, İstanbulda baş tutan danışıqlarda Rusiya və Ukrayna rəhbərləri iştirak etməsə də, bu prosesin davam etdirilməsi vacibdir və bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiga da təsdiqləyib.
Nazir qeyd edib ki, Avropa İttifaqında Ukrayna ilə Rusiya arasında sülh danışıqlarına dəstək məsələsində ümumi razılıq mövcuddur.