Mirzoyan: Ermənistan Rusiya ilə münasibətləri yenidən formatlaşdırmaq niyyətində deyil – ÖZƏL

Ermənistan Rusiya ilə mövcud müttəfiqlik münasibətlərini yenidən formatlaşdırmağı planlaşdırmır. 

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanda Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Biz Rusiya ilə müttəfiqlik münasibətlərimizi yenidən formatlaşdırmağa hazırlaşırıqmı? Bu suala çox açıq şəkildə cavab vermək istəyirəm - xeyr", - deyə Mirzoyan qeyd edib.

Nazirin sözlərinə görə, tərəflərin hüquq və öhdəlikləri aydın şəkildə sənədlərdə əks olunub, bu sənədlər imzalanıb və ratifikasiya edilib, və heç kim onları denonsasiya etməyib. Eyni zamanda, Ermənistanın bəzi mexanizmlərin tam işləməməsi ilə bağlı narahatlığı da mövcuddur, lakin bu, tamamilə başqa bir məsələdir.

Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı məsələlərə də toxunaraq bildirib ki, məlum səbəblərə görə Ermənistan təşkilatdakı iştirakını dondurub. Bununla belə, o, uzaqgedən nəticələr çıxarmaq istəmədiyini vurğulayıb.

Nazir Lavrovla müzakirələri konstruktiv və əhatəli adlandırıb. O bildirib ki, bu müzakirələr zamanı həm problemli məsələlər, həm də müsbət elementlər daşıyan mövzular gündəmə gətirilir. Mirzoyanın sözlərinə görə, tərəflər arasında sağlam tərəfdaşlıq və sağlam dialoq mövcuddur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31