Ermənistan Rusiyaya uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlıqda maraqlıdır – ÖZƏL

Ermənistan Rusiya ilə bütün sahələr üzrə uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığa sadiqdir. 

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanda rusiyalı həmkarı Sergey Lavrovla geniş tərkibdə keçirilən görüşdə bildirib.

Ermənistan Xarici İşlər Nazirliyində baş tutan təkbətək görüşdən sonra Ermənistan-Rusiya arasında geniş formatda danışıqlara start verilib. Ararat Mirzoyanın sözlərinə görə, iki ölkənin XİN-ləri arasında əməkdaşlıq davam edir. Bu il martın 20-də növbəti məsləhətləşmələr keçirilib və onlar konstruktiv mühitdə baş tutub.

Görüş zamanı iki ölkənin XİN-ləri arasında yeni ikiillik məsləhətləşmə planının razılaşdırıldığı və bu gün imzalanacağı bildirilib. Humanitar əməkdaşlığın inkişafında müsbət dinamikanın müşahidə olunduğu qeyd olunub. Mirzoyan ümidvar olduğunu bildirib ki, ilin sonuna planlaşdırılan "Ermənistan mədəniyyəti günləri" Rusiyada ikitərəfli əlaqələrin daha da canlanmasına töhfə verəcək.

"Əhəmiyyətli səfərlərin və tədbirlərin rolunu azaltmaq olmaz. Bu il belə görüşlərlə zəngindir. Valentina Matviyenkonun qarşıdakı səfəri və yubiley xarakterli 10-cu regionlararası forum ikitərəfli münasibətlərin daha bir vacib elementi olacaq", - deyə Mirzoyan əlavə edib.

Yerevan həmçinin iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya, parlamentlərarası komissiya və digər birgə platformalar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.

Nazir həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində ticarət-iqtisadi əməkdaşlığa və 15 maydan qüvvəyə minmiş Aİİ ilə İran arasında azad ticarət zonası haqqında sazişə toxunub. Onun sözlərinə görə, bu saziş ticarət potensialının həyata keçirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31