Avropadan ABŞ-ə işgüzar səfərlərdə 26% azalma müşahidə olunur- ÖZƏL
21 May 2025 10:29 DünyaAvropadan ABŞ-ə işgüzar səfərlərin sayı 2024-cü ilin aprel ayı ilə müqayisədə bu ilin aprelində 26% azalıb. Olaylar.az xəbər verir ki, bu barədə Politico qəzeti məlumat yayıb.
Məlumata görə, bu azalma ABŞ-ə olan inamın zəiflədiyini göstərir və prezident Donald Trampın tarif siyasəti ilə əlaqələndirilir. HotelHub platformasının nümayəndəsi Pol Reymond bildirib ki, "ABŞ-də yeni administrasiya iş başına gələndən və xüsusilə Vaşinqton tərəfindən tariflərin tətbiqindən sonra ənənəvi tərəfdaşlıq münasibətlərində problemlər yaranıb." Onun sözlərinə görə, Tramp administrasiyası tərəfindən tətbiq olunan yüksək gömrük rüsumları bir çox şirkətləri daha stabil bazarlar axtarmağa vadar edir.
Ən böyük azalma Almaniyadan olan işgüzar səfərlərdə qeydə alınıb - 30,4%. Fransada bu göstərici 22,4%, Böyük Britaniyada isə 14,4% təşkil edib.
Qeyd edək ki, Donald Tramp 2 aprel tarixində 185 ölkə və əraziyə aid məhsullara qarşı gömrük rüsumlarının tətbiqini elan edib. Bu siyahıya Rusiya daxil edilməyib. 10%-lik universal tariflər 5 apreldə, fərdi tariflər isə 9 apreldə qüvvəyə minib. Bundan əlavə, 3 apreldən etibarən ABŞ-ə idxal olunan bütün avtomobillərə 25%-lik rüsum tətbiq olunub. Tramp iqtisadi vəziyyətlə bağlı ölkədə fövqəladə vəziyyət rejimi də elan edib.
9 aprel tarixində isə Tramp qarşılıqlı prinsip əsasında tətbiq olunan bəzi əlavə idxal tariflərinin 90 gün müddətinə dayandırıldığını bəyan edib. Ağ Evdən bildirilib ki, bu fasilə müəyyən ticarət danışıqlarının aparılması ilə əlaqədardır.