BMT: Qəzzada ərzaq çatışmazlığı "qara bazarları"nın yaranmasına səbəb olub- ÖZƏL
15:36 DünyaBMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) rəsmi nümayəndəsi Yens Larke bildirib ki, Qəzza zolağında ərzaq çatışmazlığı fonunda qara bazarlar - yəni yardımların oğurlanaraq satıldığı "ümidsizlik bazarları" yaranmağa başlayıb. Olaylar.az xəbər verir ki, bu barədə o, Cenevrədə keçirilən brifinqdə məlumat verib.
Yens Larkenin sözlərinə görə, yardım nə qədər az və qeyri-bərabər paylanarsa, insanların ümidsizliyi bir o qədər artır. Bu isə bir sıra nəticələrə gətirib çıxarır, o cümlədən yerli sakinlərin humanitar yardım daşıyan yük maşınlarına hücum etməsi və yardımın talanması halları artır.
"Bunlar qara bazarda satılır. Mən bu bazarı 'ümidsizlik bazarı' adlandırıram," - deyə Larke bildirib. Onun fikrincə, bu bazarların aradan qaldırılması üçün sadəcə yardımın əhaliyə maneəsiz şəkildə çatdırılması təmin edilməlidir. "Əgər yardım rahat şəkildə insanlara çatsa, bu bazar da yox olacaq və yük maşınlarının qarət edilməsinə ehtiyac qalmayacaq," - deyə o əlavə edib.
Qəzza hökumətinin hesablamalarına görə, əhalinin ən əsas ehtiyaclarının ödənilməsi üçün hər gün bölgəyə təxminən 500 yük maşını humanitar yardım daxil olmalıdır. 19 may tarixində İsrail hakimiyyəti bölgədə aclıq təhlükəsinin qarşısını almaq məqsədilə Qəzzaya əsas ərzaq məhsullarının daxil olmasına icazə veriləcəyini açıqlayıb.
18 may tarixində İsrail ordusu Qəzzanın şimal və cənub bölgələrində genişmiqyaslı "Gideonun Arabaları" adlı quru əməliyyatına başladığını elan edib.
Beynəlxalq "Ərzaq Təhlükəsizliyinin Faza Təsnifatı" (IPC) monitorinq təşəbbüsünün hesabatına əsasən, hazırda Qəzzada 1,95 milyon fələstinli ərzaq çatışmazlığı ilə üzləşir, onlardan 133 mindən çoxu isə aclıq içindədir. Hesabatda vurğulanır ki, İsrailin hərbi əməliyyatları genişləndirməsi və humanitar təşkilatların yardım çatdırmaqda çətinlik çəkməsi səbəbilə bölgədə aclıq riski getdikcə artır.