Qətərdən Trampa təyyarə: "Bu, rüşvət deyil, müttəfiqlik münasibətləridir"- ÖZƏL
15:08 DünyaOlaylar.az xəbər verir ki, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani bildirib ki, ABŞ prezidenti Donald Trampa "Boeing 747-8" tipli təyyarənin verilməsi məsələsi rüşvət kimi qiymətləndirilməməlidir. O, bu addımın iki ölkənin müdafiə nazirlikləri arasında uzun illərə söykənən əməkdaşlıq çərçivəsində atıldığını qeyd edib.
"Bu məsələ Qətər Müdafiə Nazirliyi ilə Pentaqon arasında aparılan müzakirələrin bir hissəsidir. Tam şəffaflıqla və qanun çərçivəsində həyata keçirilir. Burada gizli heç nə yoxdur, heç bir məxfi əməliyyat aparılmayıb", - deyə o, Dohada keçirilən Qətər İqtisadi Forumu çərçivəsində çıxışında bildirib.
Baş nazir vurğulayıb ki, ABŞ-ə müvəqqəti olaraq prezident təyyarəsi lazım olub və Qətər bu tələbatı qarşılayıb: "Bu, müttəfiqlər arasında baş verən adi bir təcrübədir".
Əl-Tani ictimaiyyətin bu məsələni rüşvət kimi dəyərləndirməsini yanlış hesab edir: "Niyə insanlar bununla Qətərin ABŞ administrasiyasına təsir göstərmək istədiyini düşünür, anlamıram. Bu fikrin heç bir əsaslı səbəbi yoxdur".
Baş nazir əlavə edib ki, Qətərin yalnız pul vasitəsilə təsir əldə etməyə çalışdığına dair stereotiplər təkcə onların deyil, digər ölkələrin də nüfuzuna zərər vurur.
Xatırladaq ki, 11 mayda ABŞ-nin ABC News kanalı məlumat vermişdi ki, Qətər Trampa təxminən 400 milyon dollar dəyərində olan "Boeing 747-8" təyyarəsi bağışlamağı planlaşdırır. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu addımın tamamilə qanuni olduğunu, Ağ Evin hüquqşünasları və Ədliyyə Nazirliyi tərəfindən yoxlandığını açıqlayıb.