Aİ bəzi ölkələrdəki nümayəndəliklərində işçi sayını azaldır – ÖZƏL

Avropa İttifaqının xarici siyasət orqanı olan Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) bəzi ölkələrdə yerləşən təxminən 10 nümayəndəliyində işçi sayını azaldacaq. Olaylar.az xəbər verir ki, bu barədə "POLITICO" nəşri müvafiq sənədlərə və Aİ rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, EEAS-ın rəhbəri, Avropa diplomatiyasının ali nümayəndəsi Kaya Kallas Avropa Komissiyasının vəzifəli şəxslərinə xidmətin strukturunun yenidən təşkili ilə bağlı plan təqdim edib. Bu plan Aİ-nin əsas institutlarında büdcə optimizasiyasını da nəzərdə tutur və artıq razılıq əldə olunub.
Yenidən təşkilatlandırma planı EEAS-ın prioritetlərini inkişaf əməkdaşlığından daha çox Aİ-nin strateji maraqlarının - müdafiə tərəfdaşlığı və sanksiyaların icrasına nəzarət sahələrində əməkdaşlığın - reallaşdırılmasına yönəldir. Bu səbəbdən, Belarus və Lesoto kimi ölkələrdə EEAS nümayəndəliklərində işçilərin sayı azaldılacaq. Bu ölkələrdə əməkdaşlıq artıq Aİ üçün ciddi əhəmiyyət daşımır.
Qeyd olunur ki, Aİ 144 nümayəndəliyindən heç birini tamamilə bağlamayacaq. Sadəcə nümayəndəliklərdə çalışanların sayı bir-üç nəfərə endiriləcək. Ümumilikdə 100 əməkdaş vəzifəsindən azad ediləcək, bəziləri isə daha prioritet sayılan ölkələrə göndəriləcək.
Yenidən təşkilat planı ilk il üçün 20 milyon avroya başa gələcək. Növbəti üç il ərzində isə Aİ hər il 9 milyon avro qənaət etmiş olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31