Yaponiyada düyü ilə bağlı açıqlama qalmaqala səbəb oldu – Kənd təsərrüfatı nazirinin istefası tələb olunur- ÖZƏL
20 May 2025 13:10 DünyaYaponiyada müxalifət partiyaları kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq naziri Taku Eto-nun istefasını tələb edirlər. Olaylar.az xəbər verir ki, buna səbəb nazirin düyü ilə bağlı qalmaqala səbəb olan açıqlamaları olub. Kyodo agentliyinin məlumatına görə, aparıcı müxalifət qüvvəsi olan Konstitusiya-Demokrat Partiyası və digər müxalif siyasi təşkilatlar Taku Eto-nun istefa verməli olduğunu bildiriblər.
Əgər mayın 21-də keçiriləcək partiya liderlərinin debatına qədər bu məsələdə konkret addımlar atılmasa, müxalifət nazirlə bağlı etimadsızlıq votumu təqdim edəcəyini açıqlayıb.
Liberal Demokrat Partiyasının (LDP) lideri və hazırkı baş nazir Şigeru İşiba isə nazirin istefasını gündəmə gətirmədiklərini bildirib. Qeyd edək ki, LDP və onunla koalisiyada olan "Komeyto" partiyası parlamentin aşağı palatasında əksəriyyətə sahib deyil və hazırda azlıq hökuməti formalaşdırırlar. Bəzi məsələlərdə onlar kiçik müxalifət partiyaları ilə əməkdaşlıq etsələr də, etimadsızlıq səsverməsində nəticənin necə olacağı hələlik bəlli deyil.
Qalmaqala səbəb olan açıqlama isə keçən həftəsonu hökumətyönlü partiyanın maliyyə toplama tədbirində verilib. Nazir Taku Eto zarafatla bildirib ki, özü düyü almır, çünki ona və ailəsinə o qədər hədiyyə edirlər ki, hətta satmaq da olar. Bu sözlər ictimaiyyətin kəskin reaksiyasına səbəb olub. Məsələ burasındadır ki, ölkədə yüksək düyü qiymətləri uzun müddətdir narahatlıq doğurur və düyü əhalinin əsas ərzaq məhsuludur.
Baş nazir həmin açıqlamaya görə üzr istəyib və bildirib ki, nazir kənd təsərrüfatı sahəsindəki problemləri həll etmək üçün vəzifəsində səylə işləməlidir.
Qeyd edək ki, Yaponiyada düyünün qiyməti son bir il ərzində ardıcıl şəkildə artıb. Bu, əsasən pis məhsul ili, təbii fəlakətlər və anormal istilərlə bağlı olub. Turist axınının artması da tələbatı yüksəldən faktorlardan biri sayılır. Bu ayın əvvəlində düyünün qiymətində azacıq eniş müşahidə edilsə də, hələ də bir il əvvəllə müqayisədə iki dəfə bahadır.