Avropa komissarı: Kənd təsərrüfatı müdafiə uğrunda qurban verilməməlidir"- ÖZƏL
20 May 2025 11:39 DünyaAvropa Komissiyasının kənd təsərrüfatı və qida məsələləri üzrə komissarı Kristof Hansen Avropa İttifaqı ölkələrini kənd təsərrüfatına ayrılmış vəsaitləri müdafiə məqsədləri üçün yönləndirməməyə çağırıb. Olaylar.az xəbər verir ki, bu barədə o, Financial Times qəzetinə müsahibəsində bildirib.
"Bugünkü geosiyasi vəziyyət bizə qida təhlükəsizliyinin nə qədər vacib olduğunu aydın şəkildə göstərir", - deyə komissar qeyd edib. O, fermerlər üçün nəzərdə tutulmuş vəsaitlərin hərbi məqsədlər üçün istifadə olunmasının qəbuledilməz olduğunu vurğulayıb.
Söhbət Avropa İttifaqının Yekun Kənd Təsərrüfatı Siyasətinin maliyyələşdirilməsi üçün ayrılmış 387 milyard avrodan gedir. Bu məbləğ Aİ-nin yeddiillik büdcəsinin üçdə birini təşkil edir və kənd təsərrüfatı sahəsinə subsidiyalarla yanaşı, müxtəlif dəstək proqramlarının həyata keçirilməsinə yönəlib.
Məlumata görə, Aİ ölkələri 2028-ci ildən qüvvəyə minəcək növbəti büdcənin razılaşdırılması üçün Avropa Komissiyası və Avropa Parlamenti ilə danışıqlara başlayıb. Brüssel bu çərçivədə bir sıra proqramların - o cümlədən CAP-ın - bir fonda birləşdirilməsini və beləliklə, vəsaitlərin yeni prioritetlərə, xüsusilə də müdafiəyə yönəldilməsini təklif edib. Lakin bu ideya Avropa fermerləri arasında narahatlıq doğurub. Copa-Cogeca adlı fermer və kənd təsərrüfatı kooperativləri birliyi bu məsələdə sektorun "vahid narahatlıq" ifadə etdiyini bildirib.
Qeyd edək ki, Avropa Komissiyası mart ayında elan etdiyi ReArm EU planı çərçivəsində Aİ-nin hərbi potensialının gücləndirilməsi üçün ümumilikdə 800 milyard avro cəlb etməyi planlaşdırır. Bunun 150 milyard avrosunun Aİ fondları və ortaq kreditlər hesabına, 650 milyard avrosunun isə üzv ölkələr tərəfindən əlavə vergilər, sosial xərclərin azaldılması və ya dövlət borcları hesabına təmin edilməsi nəzərdə tutulur. Həmin plan hələlik Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənməyib.
Bununla belə, Reuters agentliyi mayın 19-da xəbər verib ki, Aİ səfirləri Avropa Komissiyasının təklif etdiyi 150 milyard avroluq müdafiə fondunu (SAFE) razılaşdırıblar. Bu təklifin mayın 20-də Aİ xarici işlər nazirlərinin planlı görüşündə təsdiqlənəcəyi gözlənilir.