Zelenski: “Ukrayna tam atəşkəsə hazırdır, Rusiya isə cavab verməlidir” – ÖZƏL
10:38 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı Ukraynanın tam və qeyd-şərtsiz atəşkəsə hazır olduğunu təsdiqlədiyini bildirib.
"Əgər ruslar qətlləri dayandırmağa hazır deyillərsə, buna görə daha güclü sanksiyalar tətbiq edilməlidir. Rusiyaya təzyiq onu real sülhə sövq edəcək - bu, dünyada hər kəsə aydındır. Ukrayna nəticə verəcək istənilən formatda Rusiya ilə birbaşa danışıqlara hazırdır. Eyni nəticəyə yönəlmiş iradəni Rusiyanın da nümayiş etdirməsi vacibdir", - deyə Zelenski qeyd edib.
O, həmçinin vurğulayıb ki, ABŞ-nin danışıqlardan və sülh prosesindən uzaqlaşmaması çox önəmlidir, çünki bu münaqişənin uzanmasında yalnız Vladimir Putin maraqlıdır. Zelenski bu yanaşmaya dəstək verən hər kəsə təşəkkür edib.
"Əgər Rusiya qətlləri dayandırmaqdan imtina edərsə, əgər Putin qeyri-real şərtlər irəli sürərsə, bu, müharibəni uzatmaq cəhdi sayılacaq və Avropa, Amerika, eləcə də dünya buna uyğun şəkildə - əlavə sanksiyalarla cavab verməlidir. Müharibəni başladan Rusiya olub və onu istənilən gün dayandıra bilər. Ukrayna isə hər zaman sülhə hazırdır", - deyə Ukrayna Prezidenti vurğulayıb.