Trampın əsas hədəfi Rusiya ilə münasibətləri normallaşdırmaqdır – Almaniyalı ekspert – ÖZƏL
16:43 DünyaOlaylar.az xəbər verir ki, hərbi məsələlər üzrə tanınmış ekspert və Münhendəki Bundesver Universitetinin professoru Karlo Masalanın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp üçün Rusiya ilə münasibətlərin normallaşdırılması əsas prioritetə çevrilib.
"Trampın əsas məqsədi Rusiya ilə ikitərəfli münasibətləri bərpa etməkdir," - deyə Masala bildirib. "Bu, iqtisadi əlaqələrin yenidən qurulmasını və Rusiyanın ABŞ-yə yaxınlaşdırılmasını nəzərdə tutur. Belə məsələlər onun gündəliyində ilk sıralardadır və bu məqsədə çatmaq üçün ciddi güzəştlərə hazır görünür."
Masalanın fikrincə, Ukrayna münaqişəsinin həlli ilə bağlı ABŞ siyasətinə Avropanın təsiri məhduddur.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ilin əvvəlindən bəri ABŞ Prezidenti Donald Tramp ilə üçüncü dəfə danışmağa hazırlaşır. Tramp qarşıdakı danışıq barədə özünün Truth Social platformasında məlumat verib və bildirib ki, Rusiya lideri ilə ABŞ şərq vaxtı ilə saat 10:00-da (Moskva vaxtı ilə 17:00-da) danışmağı planlaşdırır. Kremlin sözçüsü Dmitri Peskov da TASS-a açıqlamasında bu danışıq üçün hazırlıqların getdiyini təsdiqləyib.