Serbiya Rusiya ilə strateji əməkdaşlığı davam etdirməkdə qərarlıdır – Dretsun- ÖZƏL
14:29 DünyaSerbiya Avropa İttifaqının təzyiqlərinə baxmayaraq Rusiya ilə strateji əməkdaşlığını davam etdirmək niyyətindədir. Olaylar.az xəbər verir ki, bu barədə Serbiya Milli Məclisinin Təhlükəsizlik Komitəsinin sədri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Milovan Dretsun Bişkekdə keçirilən KTMT PA Şurasının iclasında çıxışı zamanı bildirib.
"Biz tamamilə Avropa İttifaqına üzv ölkələrlə əhatə olunmuşuq və Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyimiz üçün çoxsaylı təzyiqlərlə üz-üzəyik. Lakin bu təzyiqlərə baxmayaraq, biz Rusiya Federasiyası ilə, əziz dostlarımızla strateji əməkdaşlığımızı davam etdiririk," - deyə Dretsun vurğulayıb.
O, həmçinin qeyd edib ki, Serbiya KTMT ölkələrinin Kosovo məsələsində göstərdiyi davamlı dəstəyi və müstəqilliyin tanınmaması mövqeyini yüksək qiymətləndirir.
Qeyd edək ki, 2025-ci ildə KTMT-yə sədrlik edən Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən iclasa Rusiya Dövlət Dumasının sədri, eyni zamanda KTMT Parlament Assambleyasının rəhbəri Vyaçeslav Volodin sədrlik edir.