İran Nüvə Konsorsiumunun yaradılmasını müzakirə edə bilər- ÖZƏL

İran uranın zənginləşdirilməsindən imtina etməyəcək və bu prosesi dayandırmaq məqsədi daşıyan istənilən təklifi rədd edəcək. Olaylar.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsəmail Baqayi həftəlik brifinqdə bildirib.
"Yaxın Şərqdə nüvə konsorsiumunun yaradılması təşəbbüsü heç bir halda uranın zənginləşdirilməsi prosesinə alternativ kimi qiymətləndirilməməlidir. Bu təşəbbüs öz kontekstində müzakirə oluna bilər, lakin əgər məqsəd bizi zənginləşdirmədən imtina etdirməkdirsə, bu, baş verməyəcək", - deyə diplomat qeyd edib.
Qeyd edək ki, 14 may tarixində "The New York Times" qəzeti mənbələrə istinadən yazıb ki, Tehran ABŞ investisiyaları ilə Yaxın Şərq ölkələrinin iştirakı ilə uranın zənginləşdirilməsi üzrə konsorsiumun yaradılmasını təklif edib. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi bu planı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkofa 11 may tarixində Omanda keçirilən dolayı danışıqlar zamanı təqdim edib.
Mümkün iştirakçı ölkələr kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin adı çəkilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31