İran: “Sülhməramlı məqsədlərlə uran zənginləşdirməkdən heç vaxt imtina etməyəcəyik”- ÖZƏL
19 May 10:25 Dünyaİran İslam Respublikasının parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komitəsinin üzvü Ebrahim Rezai bildirib ki, ölkəsi heç bir halda sülhməramlı məqsədlərlə uran zənginləşdirməkdən vaz keçməyəcək. Olaylar.az xəbər verir ki, bu barədə o, SNN telekanalına müsahibəsində danışıb.
"İran heç bir halda uranın zənginləşdirilməsindən və nüvə texnologiyalarından imtina etməyəcək", - deyə Rezai vurğulayıb. Onun bu açıqlaması ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkofun 18 may tarixində verdiyi bəyanatdan sonra səsləndirilib. Uitkof bildirib ki, Tehranın uranı zənginləşdirməsi nüvə silahı istehsalına gətirib çıxara bilər.
Rezainin sözlərinə görə, nüvə enerjisi İran üçün həyati əhəmiyyət daşıyır. "Bu texnologiyalar təkcə İranın tibbi və sənaye sahəsindəki ehtiyaclarını ödəmək baxımından deyil, həm də xarici təhdidlər qarşısında mühüm çəkindirici amil kimi vacibdir. Buna görə də bu məsələdə heç bir danışıqlar və ya razılaşmalar mümkün deyil", - deyə o əlavə edib.
İran Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, sanksiyalar ləğv olunduğu təqdirdə ABŞ-la uran zənginləşdirilməsinin səviyyəsi və həcmi ilə bağlı danışıqlara hazırdır. Lakin Tehran heç vaxt özünün sülhməramlı nüvə proqramından tamamilə imtina etməyəcək. Çünki Atom Silahlarının Yayılmaması haqqında Müqaviləyə əsasən, sülhməramlı nüvə enerjisindən istifadə hüququ bütün iştirakçı dövlətlərə, o cümlədən İrana da təmin olunub.
Xatırladaq ki, 11 mayda İran və ABŞ arasında Oman vasitəçiliyi ilə Tehranın nüvə proqramı üzrə dördüncü raund danışıqlar baş tutub. İran nümayəndə heyətinə Xarici İşlər naziri Abbas Araqçi, ABŞ tərəfinə isə Uitkof rəhbərlik edib. Danışıqlardan sonra İran XİN rəhbəri bildirib ki, bu raund əvvəlkilərlə müqayisədə daha ciddi və açıq keçib, tərəflərin mövqeləri isə bir qədər yaxınlaşıb. 16 mayda ABŞ Prezidenti Donald Tramp Tehrana vəziyyətin tənzimlənməsi ilə bağlı yazılı təklif göndərdiklərini açıqlayıb.