İsrail Trampın İranla razılaşma imzalayacağından narahatdır – ÖZƏL

NBC News-un məlumatına görə, İsrail ABŞ prezidenti Donald Trampın İranla tez bir zamanda nüvə razılaşması imzalayacağından və ərəb liderlərinin Trampa təsir göstərəcəyindən narahatdır. 

Olaylar.az xəbər verir ki, məlumata görə, bu narahatlıq Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında mövcud məsafəni daha da üzə çıxarıb.

Tramp isə jurnalistlərə açıqlamasında ərəb liderləri ilə güclü əlaqələrin İsrail üçün faydalı olduğunu bildirib. O, ərəb ölkələrinin ona yüksək səviyyədə hörmət göstərdiyini, onların iqtisadi uğurlarını ABŞ üçün nümunə kimi təqdim etdiyini vurğulayıb.

Trampın Netanyahu ilə münasibətləri əsasən İran, Qəzza münaqişəsi və Suriya kimi milli təhlükəsizlik məsələləri ətrafında cəmlənir. ABŞ-nin İsrailə dəstəyi davam edir və Tramp administrasiyası, əvvəlki Bayden dövründə dayandırılan hərbi texnikanın tədarükünü bərpa edib.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Ceyms Hyuitt Trampı "İsrailin tarixdəki ən sadiq müttəfiqi" adlandıraraq, onun İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bir daha qeyd edib. Trampın yaxın müttəfiqləri isə onun ərəb liderləri ilə münasibətlərinin İsrailin təhlükəsizliyinə töhfə verəcəyinə inanırlar, lakin eyni zamanda Trampın davranışlarında həmişə gözlənilməzlik olduğunu da bildirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31