Yerə güclü maqnit qasırğası daxil olub – 2 gün davam edəcək
10:18 DünyaMayın 17-ə keçən gecədən etibarən Yerə orta güclü maqnit qasırğası daxil olub.
Olaylar.az xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz "Telegram" kanalında məlumat yayıb.
Alimin sözlərinə görə, Günəşin səthindəki tac dəliklərindən birindən çıxan günəş küləyi planetin kosmik havasına təsir göstərməyə başlayıb. Nəticədə Günəş küləyi planetlərarası maqnit sahəsinin komponentlərinin konfiqurasiyasını dəyişib və bu səbəbdən Bakı vaxtı ilə bugün saat 01:00-dan sonra Yer kürəsində maqnitosferin zəif pozuntuları qeydə alınıb.
"Bu pozuntular saat 03:00-dan sonra güclənərək G2 sinfinə aid orta səviyyəli maqnit qasırğası səviyyəsinə çatıb", - deyə mütəxəssis əlavə edib.
Sinoptik qeyd edib ki, Yer 19 may da daxil olmaqla sürətli və sıx Günəş küləyi axını içində qalacaq. Buna görə də 17 mayda və növbəti iki sutka ərzində planetin maqnit sahəsi pozuntu vəziyyətində qalmağa davam edəcək. Bu proses əsasən zəif gücə malik maqnit qasırğaları ilə müşayiət olunacaq.