Finlandiya Baş naziri: İstanbul danışıqlarının taleyindən Avropanın gələcəyi asılıdır- ÖZƏL

Finlandiyanın Baş naziri Petteri Orpo bildirib ki, bu gün İstanbulda başlanması gözlənilən Rusiya və Ukrayna arasında birbaşa danışıqlar bütün Avropa üçün böyük əhəmiyyət daşıyır. Olaylar.az xəbər verir ki, bu barədə o, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyi sammitinə gələn zaman jurnalistlərə açıqlama verib.
"Avropanın bu gün Tiranada bir araya gəlməsi təqdirəlayiqdir. Amma eyni zamanda İstanbulda aparılan danışıqlar prosesinin Avropanın gələcəyi üçün çox böyük əhəmiyyəti var," - deyə Orpo vurğulayıb.
O, qeyd edib ki, Avropa İttifaqı ölkələri bu fonda Tiranadakı sammit vasitəsilə "Avropanın Ukraynanın yanında olduğunu" göstərməlidir. Onun fikrincə, Moskva və Kiyev ilk növbədə atəşkəs barədə razılığa gəlməli, daha sonra isə "Şərqi Avropada uzunmüddətli və dayanıqlı sülh" üçün sülh danışıqlarına başlamalıdırlar.
Eyni zamanda Orpo əlavə edib ki, əgər danışıqlar nəticə verməzsə, Avropa İttifaqı Rusiyaya qarşı təzyiqləri artırmalı, o cümlədən yeni sanksiyalar tətbiq etməlidir. Finlandiya Baş nazirinin sözlərinə görə, bu məsələdə Avropa Birləşmiş Ştatlarla səylərini koordinasiya etməlidir.
Qeyd edək ki, bu gün  İstanbulda Rusiya və Ukrayna arasında 2022-ci ilin yazından bəri ilk birbaşa danışıqların başlanması gözlənilir. Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. O, daha əvvəl bildirmişdi ki, bu danışıqların əsas məqsədi uzunmüddətli sülhün bərqərar olunması və böhranın kök səbəblərinin aradan qaldırılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31