Çexiya Baş naziri: EDF-nin nüvə müqaviləsinə etirazları ölkənin təhlükəsizliyinə təsir edir- ÖZƏL

Fransanın enerji nəhəngi EDF-nin(Fransa Elektrik Şirkəti) Çexiyanın çoxmilyardlıq nüvə enerjisi layihəsinə dair qərarına qarşı apellyasiya prosesi ölkənin təhlükəsizliyinə mənfi təsir göstərir. Olaylar.az xəbər verir ki, bu fikirləri Çexiya Respublikasının Baş naziri Petr Fiala Blesk qəzetinə verdiyi müsahibəsində bildirib.
Çexiya hökuməti bu ay EDF-nin Cənubi Koreyanın KHNP şirkətinə qarşı etdiyi etirazlara qarşı ritorikasını gücləndirib. Bu layihə ölkənin indiyə qədərki ən böyük enerji sərmayəsi hesab olunur və kömürlə işləyən stansiyaların əvəz olunmasında, eləcə də köhnəlmiş nüvə bloklarının yenilənməsində mühüm rol oynayacaq.
EDF bu ay məhkəmə qərarı ilə layihənin yekun müqaviləsinin imzalanmasını müvəqqəti dayandırıb və Avropa Komissiyasına da şikayət edib.
"Uduzan şirkətin özünü müdafiə etməsi başa düşüləndir," - deyə Fiala bildirib. "Amma hesab edirəm ki, onlar bu müdafiədə artıq həddən artıq irəli gediblər və bu, Çexiyanın təhlükəsizlik və strateji maraqlarına toxunmağa başlayıb."
Baş nazirin sözlərinə görə, layihənin gecikməsi nəticəsində baş verə biləcək zərəri Çexiya vətəndaşları ödəməməlidirlər. Eyni mövqeni tenderi keçirən enerji şirkəti CEZ də bölüşür və zərərin ödənilməsi üçün hüquqi addımlar atacağını bildirib.
EDF tender prosesinin şəffaf olmadığını və KHNP-yə dövlət dəstəyi göstərilə biləcəyini əsas gətirərək etiraz edir. Lakin Çexiya hökuməti, CEZ və KHNP bu iddiaları rədd edir və KHNP-nin təqdim etdiyi təklifin qiymət və icra müddəti baxımından daha üstün olduğunu bildirirlər.
Layihə çərçivəsində CEZ-in Dukovany nüvə sahəsində 1063 meqavat gücündə iki yeni reaktorun 2036-2037-ci illərə qədər inşası nəzərdə tutulur. Tikintini həyata keçirəcək EDU II şirkətində hökumət bu ayın əvvəlində CEZ-dən 80% pay alaraq əsas səhmdara çevrilib. CEZ isə şirkətdə 20% paya sahibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31