Kazan 2026-cı ildə İslam dünyasının mədəniyyət paytaxtı olacaq– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova Kazanda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısında çıxışı zamanı 2026-cı ilin əsas vəzifələrindən birini açıqlayıb: "2026-cı ildə bizi böyük bir ortaq iş gözləyir - Kazan İslam dünyasının mədəniyyət paytaxtı olacaq".

Tatarıstanın rəhbəri Rüstəm Minnixanov da KazanForum çərçivəsində İƏT ölkələrinin nümayəndələrini salamlayaraq, bu statusun əhəmiyyətini vurğulayıb: "Bizə bu statusun verilməsinə görə sizə təşəkkür edirik. Bu, bizim üçün xüsusi ildir. İndiyədək 12 tədbir planlaşdırılıb və biz ölkələrinizin fəal iştirakı ilə daha geniş proqram həyata keçirmək istəyirik".

Toplantıda Azərbaycan da daxil olmaqla 20-dən çox ölkənin nümayəndələri, eləcə də İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı və Ərəb Dövlətləri Liqasının nümayəndələri iştirak ediblər.

Rusiya mədəniyyət nazirinin müavini Janna Alekseyeva bildirib ki, Rusiya İslam dünyası ilə mədəni və humanitar əməkdaşlığın genişləndirilməsində maraqlıdır: "Mədəni irsin qorunması bizim əməkdaşlığımızın əsas prioritetlərindəndir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31