ABŞ 20 min Milli Qvardiya əsgərini qanunsuz miqrantların deportasiyasına cəlb etməyi planlaşdırır- ÖZƏL
16 May 2025 11:34 DünyaABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi (DTN) qanunsuz miqrantlarla mübarizə və onların ölkədən çıxarılması əməliyyatlarında iştirak etmək üçün 20 min Milli Qvardiya əsgərinin cəlb olunmasını planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə amerikalı "The Hill" qəzeti məlumat yayıb.
Nazir köməkçisi Trişa Maklaflin bildirib ki, artıq bu məqsədlə Pentaqon və Milli Qvardiya rəhbərliyinə rəsmi müraciət edilib. Onun sözlərinə görə, bu addım prezidentin amerikalıların istəyini yerinə yetirmək, yəni cinayət törədən qanunsuz miqrantların həbs və deportasiya olunması tapşırığını həyata keçirmək üçün atılır.
Pentaqonun nümayəndəsi də bu müraciətin alındığını təsdiqləyib, lakin onun detalları barədə məlumat verməkdən imtina edib.
"The Hill"in yazdığına görə, hələlik Milli Qvardiyanın bu prosesə hansı dərəcədə cəlb olunacağı bəlli deyil. Əsgərlər birbaşa həbslərdə iştirak edəcəklər, yoxsa yalnız miqrantların daşınması və hüquq-mühafizə əməliyyatlarında təhlükəsizliyin təmin olunmasında kömək göstərəcəklər - bu suallar açıq qalır.
Problemlərdən biri də Milli Qvardiya bölmələrinin həm ştat, həm də federal səviyyədə ikili tabeliyə malik olmasıdır. Bu səbəbdən ştat qubernatorlarının razılığı tələb olunacaqmı, yoxsa Prezident Donald Tramp müvəqqəti olaraq federal idarəetməni öz üzərinə götürəcək - hələ məlum deyil. Qeyd olunur ki, indiyədək Milli Qvardiya bu səviyyədə federal miqrasiya tədbirlərinə cəlb olunmayıb. Yalnız bəzi ştatlarda, məsələn, Texasda qubernatorlar bu qüvvələrdən lokal şəkildə dəstək alıblar.
Xatırladaq ki, Tramp administrasiyası dövründə ABŞ-da qanunsuz miqrantlara qarşı genişmiqyaslı reydlərə start verilib. Məqsəd gündə azı 1,800 qanunsuz miqrantın saxlanılması olub. Lakin bu cür tədbirlər yerli hakimiyyət orqanlarının müqaviməti və resurs çatışmazlığı ilə qarşılaşır. Saxlanılan və deportasiya olunan miqrantların sayı isə on minlərlə insan arasında dəyişir. Bəzi ştat məhkəmələri bu prosesi dayandırmağa çalışır.