Yeni Papanın dünyaya 5 şifrəli mesajı: Məsihin mirası belə təqdim edildi – FOTO

Roma Papası XIV Leo yeni gerbini və şüarını açıqlayıb.

Vatikanın bəyanatına görə, bu gerb Papanın Avqustin köklərini və pontifikat dövründə təşviq etmək istədiyi dəyərləri, xüsusilə kilsə daxilində birliyi və ünsiyyəti aydın şəkildə əks etdirir. XIV Leo, eyni zamanda, Avqustin ənənəsini əks etdirən şüar da seçib: "O bir olanda biz də birik".

İlk amerikalı Papanın gerbinin görüntüsü və orada yer alan simvollar maraq doğurub.

Olaylar.az Roma Papası XIV Leonun gerbi ilə bağlı maraqlı məlumatları təqdim edir:

Papa XIV Leonun seçilməsi qədər onun rəsmi gerbi də diqqət çəkir. Bir çoxları bu gerbi sadəcə rəsmi bir simvol olaraq görmür, həm kilsə daxilindəki ənənələri, həm də müasir dövrdə katolikliyin yol xəritəsini əks etdirən dərin bir ideoloji və ruhani bəyanat kimi xarakterizə edir.

Çarpaz açar - (qızıl və gümüş) - İlk diqqət çəkən detal "çarpaz açar"lardır. Biri qızıl, digəri gümüş olan iki açar yer və göy səltənətini təmsil edir. Bu detal həmçinin İsa Məsihin ən yaxın həvarilərindən biri və ilk papa Müqəddəs Pyoturun (lat. Sanctus Petrus, yəhudi adıyla Şimon bar-Yona, yunanlarda Petros) mirası hesab olunur.

Matta İncili, 16:19-da İsa Pyotura deyir: "Mən sənə göy səltənətinin açarlarını verəcəyəm; yer üzündə nə bağlasan, göydə də bağlı olacaq; yer üzündə nə açsan, göydə də açılmış olacaq".

Papa tiarəsi -  Papa tiarəsi (lat. tiara papalis) Katolik Kilsəsinin məşhur simvollarındandır. Tiara Papanın gücünün əlamətidir. Katolik ənənəsinə görə, Papa tiarəsi yalnız fiziki başlıq deyil, həm də Papa hakimiyyətinin dini, mənəvi və sosial sahələrdəki üç əsas funksiyasını vəzifəsini simvollaşdırır. Bu üç sfera "ata", "müəllim" və "kahin" olaraq müəyyən edilir.

"Ata" funksiyası Papanın kilsənin ruhani rəhbəri olaraq, xristian aləminə rəhbərliyini simvolizə edir. "Müəllim" rolu Papanın kilsə təlimini yaymaq və düzgün dini təhsil vermək səlahiyyətini göstərir. "Kahin" funksiyası isə Papanın dini mərasimləri idarə etmə və xalqla tanrı arasında vasitəçilik səlahiyyətini ifadə edir.

cq5dam.thumbnail.cropped.750.422

Qalkan (lat. shield) - simvolik elementdir və çox zaman bir dövlətin, təşkilatın və ya fərdin kimliyini, dəyərlərini təmsil etmək üçün istifadə olunur. Katolik Kilsəsində və xüsusi olaraq Papa gerbində qalkan yalnız müdafiə və təhlükəsizliyi simvolizə etməklə yanaşı, həm də ruhi və mənəvi dəyərlərin vizual ifadəsi olaraq mühüm rol oynayır. İki hissəli dizaynda olması da məhz buna işarədir.

Ağ zanbaq mavi fonda - Gerbin yuxarı hissəsindəki ağ zanbaq Müqəddəs Məryəmin simvoludur. Bakirəlik, paklıq və göylə əlaqənin göstəricisidir. Mavi fon Məryəmin səmavi varlıq kimi anlaşılmasının rəmzidir.

Kitab, Ürək və Ox - Gerbin aşağı hissəsindəki kitab üzərində yerləşən qırmızı ürək və onu deşən ox Avqustin təliminə əsaslanır. Bu simvolik üçlük Müqəddəs Avqustinin məşhur ifadəsini xatırladır: "Sözünlə ürəyimi deşdin, ya Rəbb".

"In illo uno unum" (O bir olanda biz də birik) şüarı - Bu ifadə Avqustinin Zəbur 127-yə şərhindən götürülüb. Şüar dərin teoloji və fəlsəfi qatlara malikdir: burada "O"  deyərkən açıq şəkildə İsa Məsih nəzərdə tutulur. "Birik" isə kilsənin və bəşəriyyətin ruhani vəhdətidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31