Yeni Yaxın Şərq səhifəsi: Livan, Liviya, Səudiyyə Ərəbistanı və Suriya İsraillə münasibətləri normallaşdıra bilər- ÖZƏL

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Livan, Liviya, Səudiyyə Ərəbistanı və Suriya yaxın vaxtlarda İsraillə münasibətləri normallaşdıra bilər və "Əbraham Sazişləri"nə qoşula bilərlər. Olaylar.az xəbər verir ki, bu barədə o, Breitbart News portalına verdiyi müsahibədə deyib. Bildirilib ki, müsahibə 8 may tarixində lentə alınıb.
"Proqnozlaşdırıram ki, yaxın zamanda Ləbnan və hətta Suriya ilə münasibətlərin normallaşması üçün potensial yaranacaq. Onların tərəfindən müsbət reaksiya açıq şəkildə görünür. Bu, Liviya ilə də baş verə bilər", - deyə Uitkoff vurğulayıb.
O əlavə edib ki, əgər Səudiyyə Ərəbistanı "Əbraham Sazişləri"nə qoşularaq İsraillə münasibətləri normallaşdırarsa - bu da onların istədiyi və üzərində düşündüyü məsələdir - o zaman Qəzza məsələsi müəyyən şəkildə həll edilməlidir. Onun fikrincə, yaxın zamanda Qəzza ilə bağlı vəziyyət nizamlanacaq və bu da normallaşmaya yol açacaq.
Uitkoff həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan da "Əbraham Sazişləri"nə qoşulmaq istəyində ola bilərlər. Onun sözlərinə görə, hər iki ölkə arasında münaqişənin yekun həllinə yaxınlaşan bir vəziyyət müşahidə olunur. Qeyd edək ki, Ermənistan və Azərbaycan İsraillə diplomatik münasibətləri hələ 1992-ci ilin aprelində - SSRİ-nin dağılmasından az sonra qurmuşdu. ABŞ rəsmisi Bakı və Yerevanın bu sazişi niyə imzalamaq istəyə biləcəyini açıqlamayıb.
Stiven Uitkoff əminliklə bildirib ki, "yaxın bir neçə ayda dörd, beş, bəlkə də altı ölkə chr("39")Əbraham Sazişlərichr("39")nə qoşulacaq". Onun fikrincə, bu addım "prezident Donald Trampın dünyada sülh və sabitliyə yönəlmiş xarici siyasət təşəbbüslərinin mühüm göstəricisi olacaq".
Xatırladaq ki, Trampın birinci prezidentlik dövründə əsas nailiyyətlərindən biri kimi qiymətləndirilən "Əbraham Sazişləri" 2020-2021-ci illərdə ABŞ-ın vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri arasında imzalanmışdı. 2020-ci ildə BƏƏ, Bəhreyn və Mərakeş İsraillə münasibətləri normallaşdırdı. 2021-ci ildə isə Sudan diplomatik əlaqələrin qurulduğunu elan etdi. Bu sazişlərdən əvvəl İsrailin ərəb ölkələri ilə diplomatik münasibətləri yalnız Misir (1979) və İordaniya (1994) ilə mövcud idi.
Donald Tramp bu il yanvarın 20-də verdiyi açıqlamada bildirib ki, Səudiyyə Ərəbistanı 2025-ci ilin sonuna qədər İsraillə "Əbraham Sazişləri"ni imzalaya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31