İranın nüvə silahına sahib olmağı hədəfləmir – Qalibaf

İranın nüvə silahı olmayıb və nüvə silahına sahib olmağı hədəfləmir.

Olaylar.az-ın məlumatına görə, bunu bu gün İndoneziyanın Cakarta şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin iclasında çıxış edən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

Onun sözlərinə görə, İran müharibə istəmir, lakin təslim də olmayacaq.

"İran qonşu ölkələrlə dostluq münasibətlərinə sahibdir. Regionun davamlı təhlükəsizliyi region ölkələrinin əməkdaşlığı və regiondan kənar güclərin müdaxiləsi olmadan əldə olunacaq", - deyə o qeyd edib.

İran parlamentinin sədri ABŞ tərəfindən regionda yürüdülən siyasəti də qınayıb.

İran rəsmi səviyyədə bildirir ki, İranın strategiyası atom bombasını əldə etməməkdir və İran kütləvi qırğın silahlarının istehsalını əsla dəstəkləmir.

Qeyd edək ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran 2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.

Xatırladaq ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarət mexanizmi 20-30% azalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31