Ər-Riyadda ABŞ və Körfəz ölkələri arasında tarixi sammit başladı- ÖZƏL

Ər-Riyadda Amerika Birləşmiş Ştatları ilə Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası (GCC) arasında sammit işinə başlayıb. Tədbirin rəsmi hissəsi Səudiyyə Ərəbistanının dövlət kanalı "Al Ekhbariya" tərəfindən canlı yayımlanır.
Sammit ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində keçirilir. Bu ölkə Trampın prezident kimi Yaxın Şərqə ilk səfərində ziyarət etdiyi ilk məkan olub. Sammitdən əvvəl Tramp Suriya prezidenti Əhməd Əş-Şəraa ilə də görüş keçirib. Ər-Riyadda baş tutan bu görüş son 25 ildə ABŞ və Suriya liderləri arasında ilk rəsmi təmas kimi tarixə düşüb.
Sammitdə ABŞ prezidenti Donald Trampla yanaşı, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Saud, Qətər əmiri Şeyx Təmim bin Həmad Al Tani, Bəhreyn kralı Həmd bin İsa Al Xəlifə, Küveyt əmiri Şeyx Maşal əl-Əhməd əl-Cabir əs-Sabah, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayedin böyük oğlu və Abu-Dabi vəliəhdi Şeyx Xalid bin Məhəmməd Al Nəhəyyan, eləcə də Oman sultanının müavini Şeyx Əsəd bin Tariq Al Said iştirak edirlər.
Sammit zamanı beynəlxalq və regional məsələlərin müzakirə olunacağı gözlənilir. Xüsusilə, Ukraynada davam edən müharibə, Qəzza zolağı, Livan, Sudan və Yəməndəki münaqişələr diqqət mərkəzində olacaq. Bununla yanaşı, iqtisadi əməkdaşlıq məsələləri də liderlərin gündəmində yer alacaq.
Qeyd edək ki, Tramp prezident kimi vəzifəyə başladıqdan sonra ilk dövlət səfərini Səudiyyə Ərəbistanına edib. Yaxın Şərq turnesi çərçivəsində ABŞ liderinin növbəti dayanacaqları Qətər və Birləşmiş Ərəb Əmirlikləri olacaq.
Səfərin ilk günü ABŞ və Səudiyyə Ərəbistanı arasında ümumi dəyəri 600 milyard dolları aşan müqavilələr və investisiya razılaşmaları imzalanıb. Ağ Evin yaydığı məlumata görə, bu razılaşmalar iki ölkə arasında indiyə qədər bağlanmış ən böyük iqtisadi əməkdaşlıq paketidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31