İran müzakirələrin növbəti raundu üçün Omanın elanını gözləyir – XİN

Nüvə proqramı haqda İran ABŞ ilə dolayı müzakirələrin növbəti raundunun təşkil olunması üçün Omanın elanını gözləyir.

Olaylar.az-ın məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İran və ABŞ arasında nüvə müzakirələri Omanın vasitəçiliyi ilə həyata keçirildiyi üçün Oman növbəti raundun məkanı və zamanını tərəflərə elan edəcək.

Araqçi bildirib ki, ötən raundlarda İran və ABŞ arasında müzakirələr çox çətin keçib. Müzakirələrdə uranın zənginləşdirilməsi məsələsi İranın əsaslı prinsplərindən biridir.

İranlı nazir əlavə edib ki, ABŞ uzun illər ərzində İran əleyhinə təzyiq, sanksiyalar və hərbi təhdidlərlə İranın inkişafına mane olub. Ölkədə yaranan iqtisadi problemlərin səbəbi bunlardır.

Qeyd edək ki, 12, 19, 26 aprel və 11 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 4 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31