Polşa XİN rəhbəri: “Ukraynaya hərbi kontingent göndərilməyəcək”- ÖZƏL

Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan edib ki, ölkəsi Ukrayna ərazisinə hərbi qüvvə göndərməyəcək. Olaylar.az xəbər verir ki, bu barədə o, Onet.pl portalına verdiyi müsahibədə bildirib.
Nazir qeyd edib ki, əgər qərb ölkələri Ukraynada hərbi kontingent yerləşdirmək qərarına gəlsə belə, Polşa bu əməliyyatda iştirak etsə də, onun tərkibinə polyak hərbçilərinin Ukrayna torpağında yerləşdirilməsi daxil olmayacaq.
Sikorskinin bu açıqlaması ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellogun verdiyi bəyanata cavab olaraq səsləndirilib. Kellog bəyan etmişdi ki, Avropanın dörd ölkəsindən, o cümlədən Polşadan olan qüvvələr Ukraynada "saxlayıcı qüvvə" kimi yerləşdirilə bilər.
Kellogun bu açıqlamasından sonra Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamyş da məsələ ilə bağlı münasibət bildirib. O deyib ki, "Polşa hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı nə indi plan var, nə də gələcəkdə olacaq." Eyni mövqeni daha əvvəl də Polşa rəhbərliyinin digər nümayəndələri səsləndirmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31