Dodik: Avropa Rusiyanı parçalamaq və enerji resurslarını ələ keçirmək istəyir- ÖZƏL
14 May 2025 12:09 DünyaOlaylar.az xəbər verir ki, Bosniya və Herseqovinanın tərkib hissəsi olan Serb Respublikasının Prezidenti Milorad Dodik TASS-a verdiyi müsahibədə bildirib ki, Avropa Rusiyanı parçalamaq və onun enerji resurslarını ələ keçirmək arzusundadır. Onun sözlərinə görə, Ukrayna bu məqsəd üçün sadəcə bir platformadır.
"Ukraynanın müstəqillik qazanması yalnız o dövrdəki Rusiyanın sadəlövhlüyünün nəticəsi idi. SSRİ-nin dağılması zamanı Avropanın əsas məqsədi artıq bəlli idi - əsrlər boyu olduğu kimi yenidən şərqə doğru irəliləmək və Rusiyanı ələ keçirmək. Bu isə yalnız Rusiyanı hissələrə bölməklə mümkündür", - deyə Dodik vurğulayıb.
O, həmçinin qeyd edib ki, Avropa Rusiyanın enerji resurslarına və faydalı qazıntılarına sahib olmaq istəyir: "Bu baxımdan Ukrayna sadəcə bir plasdarmdır".
Dodik bildirib ki, Rusiya rəhbərliyi vaxtilə Krımı verəndə bu təhlükələri tam dərk etməmişdi və həmin vaxt sadəlövh idi: "Amma bu gün aydındır ki, belə bir 'hibrit' vəziyyət işləyə bilməz".
O, keçmiş Yuqoslaviyanın dağılması zamanı baş verən hadisələrin bu gün Ukraynada baş verənlər üçün bir növ hazırlıq olduğunu deyib və əlavə edib ki, "o dövrdə bir çox insanlar nə baş verdiyini yaxşı anlayırdı".
Prezident sonda bildirib ki, Rusiya Ukraynada qarşısına qoyduğu məqsədlərə çatmalıdır: "Ukraynanın taleyi necə olacaq, bilmirəm. Amma bir şeyi dəqiq deyə bilərəm: Rusiya rəhbərliyinin müəyyənləşdirdiyi məqsədlərə nail olunmalıdır. Bu, həm ərazi məsələlərinə, həm də Ukrayna ərazisində demilitarizasiya və denasifikasiya məsələlərinə aiddir".