NATO sammitində ABŞ qoşunlarının Avropadakı gələcəyi müzakirə olunacaq- ÖZƏL

Estoniya müdafiə naziri Xanno Pevkurun sözlərinə görə, iyun ayında Haaqada keçiriləcək NATO sammitində ABŞ-nin Avropadakı hərbi mövcudluğunun gələcək formatı müzakirə olunacaq. Olaylar.az xəbər verir ki, nazir bu barədə Estoniyanın dövlət teleradio şirkəti ERR-ə müsahibəsində danışıb.
"Sammit ABŞ-nin Avropadakı hərbi strategiyasının necə görünəcəyini, növbəti addımların nələr ola biləcəyini və ABŞ-nin Avropadakı hərbi mövcudluğunun yenidən nəzərdən keçirilib-keçirilməyəcəyini müəyyənləşdirmək baxımından mühüm rol oynayacaq", - deyə Pevkur bildirib.
O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp sammit zamanı NATO ölkələrindən hərbi xərclərini ÜDM-lərinin 5%-nə qədər artırmağı tələb edəcək. Estoniya bu yanaşmanı ədalətli hesab edir və 2026-cı ildə öz müdafiə xərclərinin 5,4%-ə çatacağını bəyan edib.
Pevkurun fikrincə, Vaşinqtonun ritorikasında və addımlarında müəyyən dəyişikliklərə baxmayaraq, ABŞ Avropanın əsas müttəfiqi olaraq qalır. O, həmçinin bildirib ki, çox şey Ukraynadakı münaqişənin necə həll olunacağından asılı olacaq. Bununla yanaşı, Avropa İttifaqında ABŞ-nin diqqətinin İndo-Sakit okean regionuna yönəldiyini və bu bölgənin Vaşinqton üçün prioritetə çevrildiyini anlayan bir yanaşma mövcuddur.
Qeyd edək ki, daha əvvəl Bloomberg agentliyi Haaqa sammitində əsas mövzunun hərbi xərclərin artırılması və müdafiə sənayesinin gücləndirilməsi olacağını bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31