Siyyarto: “Avropa İttifaqı Rusiya-Ukrayna danışıqlarına mane olmamalıdır”- ÖZƏL
11:18 DünyaOlaylar.az xəbər verir ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto Ukrayna ilə Rusiya arasında mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan sülh danışıqlarının uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib və Avropa İttifaqını bu danışıqlara mane olmamağa çağırıb.
"Əgər Türkiyədəki Rusiya-Ukrayna danışıqları uğurlu olarsa, bu həftə bütün dünya üçün möhtəşəm ola bilər. Artıq hər kəs sülhün tərəfindədir və mən çox ümid edirəm ki, Avropalı həmkarlarımız sülh danışıqlarının uğuruna mane ola biləcək heç bir addım atmazlar", - deyə nazir "Facebook" səhifəsində (Rusiya Federasiyasında qadağan olunmuş və ekstremist təşkilat elan edilmiş Meta şirkətinə məxsusddur) yazıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 11-nə keçən gecə Kremlin qarşısında jurnalistlərə açıqlamasında Kiyev hakimiyyətinə 2022-ci ildə kəsilən birbaşa danışıqları heç bir ilkin şərt olmadan bərpa etməyi təklif edib. Danışıqlara mayın 15-də İstanbulda başlanılması nəzərdə tutulur.
Ukrayna Prezidenti Volodimir Zelenski isə öz növbəsində cümə axşamı İstanbulda olacağını bəyan edib. Bu açıqlama ABŞ prezidenti Donald Trampın Ukraynanı Putinin təklif etdiyi danışıqlara dərhal razılıq verməyə çağırmasından sonra gəlib. Bundan öncə Zelenski Moskva ilə danışıqları 30 günlük atəşkəsin tətbiqi şərtilə mümkün sayırdı. Bu mövqeni Avropa İttifaqının aparıcı ölkələri də dəstəkləmişdi.