Kolumbiya və Çin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq planı imzalayıb- ÖZƏL

Çin və Kolumbiya "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində birgə əməkdaşlıq planı imzalayıb. Olaylar.az xəbər verir ki, bu barədə Çinin dövlət mediası məlumat yayıb. Məlumata görə, iki ölkənin liderləri Pekində keçirilən görüş zamanı sənədi razılaşdırıblar.
Son illərdə ticarət əlaqələrinin genişlənməsi Pekinin Latın Amerikası və Karib hövzəsində təsirini artırıb. Bu region isə ABŞ üçün strateji əhəmiyyətə malikdir.
Çin hazırda Kolumbiyanın ABŞ-dən sonra ikinci ən böyük ticarət tərəfdaşıdır. Hətta son zamanlar ABŞ-i geridə qoyaraq Kolumbiyanın əsas idxal mənbəyinə çevrilib.
Çin prezidenti Si Cinpin bildirib ki, ölkəsi Kolumbiyadan daha keyfiyyətli məhsullar idxal etməyə, Çin şirkətlərinin Kolumbiyada sərmayə yatırmasına və infrastruktur layihələrində iştirakına dəstək verməyə hazırdır.
Kolumbiya prezidenti Qustavo Petro isə bildirib ki, ölkəsi "Bir kəmər, bir yol" təşəbbüsünə qoşulacaq. Bu təşəbbüs Si Cinpin tərəfindən 2013-cü ildə qədim İpək Yolunu bərpa etmək və Çinlə dünyanın ticarət-iqtisadi əlaqələrini gücləndirmək məqsədilə irəli sürülüb.
Qeyd edək ki, bu təşəbbüsə 150-dən çox ölkə qoşulub. Onlardan 20-dən çoxu Latın Amerikasındandır. Lakin bu ilin fevralında Panama təşəbbüsdən çıxdığını açıqlayıb. Çin bu addımı ABŞ-ın təzyiqi ilə izah edib.
Prezident Petro 2022-ci ilin avqustunda hakimiyyətə gəlib və 2023-cü ilin oktyabrında Çin səfəri çərçivəsində iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib. Kolumbiya ilə Çin arasında diplomatik əlaqələr 1980-ci ildə qurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31