Macarıstan Aİ-nin Rusiya enerjisini rədd planına qarşı çıxıb – ÖZƏL

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto bildirib ki, Avropa Komissiyasının Rusiya enerji resurslarından tamamilə imtina etmək təşəbbüsü, artıq səhv siyasət ucbatından çətinlik çəkən Avropa iqtisadiyyatı üçün "son zərbə" olacaq.

Olaylar.az xəbər verir ki, Budapeştdə keçirilən beynəlxalq avtomobil konfransında çıxış edən Siyyarto qeyd edib ki, Rusiya əleyhinə tətbiq edilən Aİ sanksiyaları nəticəsində "Qərbin qabaqcıl texnologiyaları və Şərqin ucuz enerjisinə əsaslanan əvvəlki iqtisadi inkişaf modeli artıq keçmişdə qalıb" və "onu əvəz edəcək yeni bir model təklif edilməyib."

Nazir əlavə edib ki, hazırda Avropada enerji qiymətləri ABŞ və Çin də daxil olmaqla dünyanın digər bölgələri ilə müqayisədə 2-4 dəfə yüksəkdir. "Avropa Komissiyası isə Rusiya enerji idxalına demək olar ki, tam qadağa qoymaqla Mərkəzi Avropada enerji qiymətlərinin görünməmiş artımına səbəb olmaq istəyir", - deyə o vurğulayıb.

Qeyd edək ki, Avropa Komissiyası 2027-ci ilin sonunadək Rusiya qazı, nefti və nüvə yanacağı da daxil olmaqla enerji resurslarının Aİ ölkələrinə tədarükünü mərhələli şəkildə dayandırmaq planını açıqlayıb. Enerjisini əsasən Rusiyadan alan Macarıstan bu təşəbbüsə qarşı çıxaraq onun qarşısını hüquqi yollarla almağa çalışacağını bildirib.

Budapeşt hökuməti bu planın iqtisadi deyil, siyasi xarakter daşıdığını və faktiki olaraq Rusiyaya qarşı sanksiyalar mənası verdiyini qeyd edərək, bu cür qərarların yalnız konsensusla qəbul edilə biləcəyini vurğulayıb. Eyni zamanda, Macarıstan Avropa Komissiyasının bu təşəbbüsü səs çoxluğu ilə qəbul etdirməyə çalışdığını və bu prosesin qarşısını almağın çətin olacağını da etiraf edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31