Almaniya “Almaniya Krallığı” adlı radikal sağçı qrupu qadağan etdi, liderləri həbs olundu- ÖZƏL
14:05 DünyaAlmaniya hökuməti ölkənin demokratik nizamını sual altına alan və özünü "Almaniya Krallığı" adlandıran radikal sağçı qrupu - "Reyx vətəndaşları" hərəkatının ən böyük qolunu rəsmi olaraq qadağan edib və təşkilatın dörd əsas liderini həbsə alıb.
Olaylar.az xəbər verir ki, Daxili İşlər naziri Aleksandr Dobrindt bildirib ki, bu qrup ölkə daxilində "alternativ dövlət" quraraq iqtisadi cinayət şəbəkələri yaradıb. Onun sözlərinə görə, təşkilatın üzvləri antisemitik konspirasiya nəzəriyyələri ilə hakimiyyət iddialarını əsaslandırmağa çalışıblar - bu isə Almaniya tərəfindən qəbuledilməzdir.
Çərşənbə axşamı səhər saatlarından etibarən Almaniyanın bir neçə əyalətində 800 polis əməkdaşı təşkilatın obyektləri və aparıcı üzvlərinin evlərində axtarışlar aparıb.
"Reyx vətəndaşları" hərəkatı Almaniyanı mövcud bir dövlət kimi tanımır, parlament, qanunlar və məhkəmələr kimi demokratik və konstitusiya institutlarını rədd edir. Onlar vergi, sosial təminat və cərimə ödəməkdən imtina edirlər.
"Almaniya Krallığı" adlı bu qurum 2012-ci ildə lideri Peter Fitsekin tərəfindən Şərqi Almaniyanın Vittenberq şəhərində elan olunub. O, bu "krallığın" təxminən 6,000 tərəfdarı olduğunu iddia etsə də, Almaniyanın Daxili İşlər Nazirliyi bu rəqəmin 1,000 nəfər ətrafında olduğunu açıqlayıb.
Nazir əlavə edib: "Bu təşkilatın adı hər nə qədər zərərsiz nostalji hissi yaratsa da, əslində kriminal strukturlar və cinayət şəbəkələrindən söhbət gedir. Bu səbəbdən də bu gün rəsmi olaraq qadağan edilir."
Təşkilatın onlayn platformaları bağlanacaq və maliyyə resursları müsadirə olunacaq ki, gələcəkdə ekstremist fəaliyyətlər üçün istifadə edilməsin.
Bu, Almaniya hökumətinin "Reyx vətəndaşları" hərəkatına qarşı ilk tədbiri deyil. 2023-cü ildə bu radikal qruplaşma ilə əlaqəli 20-yə yaxın şəxsin evində axtarış aparılmışdı. Həmçinin 2022-ci ilin sonlarında dövlət çevrilişi planlaşdırmaqda şübhəli bilinən şəxslərin məhkəmə prosesi ötən il başlanmışdı.
Qeyd: Almaniyada radikal və dövlət əleyhinə fəaliyyətlərə qarşı hüquqi və inzibati tədbirlər daha da sərtləşdirilir.