Gürcüstanın Baş naziri ABŞ rəhbərliyinin susqunluğuna etiraz etdi – ÖZƏL
13:58 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Prezidenti Donald Trampa və vitse-prezident Cey Di Vensə açıq məktub ünvanlayaraq, iki ölkə arasında münasibətlərin yenidən qurulması ilə bağlı səssizliyə təəccüb etdiklərini bildirib.
Kobaxidze məktubu sosial şəbəkədə yayımlayıb. O qeyd edib ki, bir neçə həftə əvvəl də ABŞ rəhbərliyinə Gürcüstan-Amerika münasibətlərinin "təmiz səhifədən" başlayaraq konkret plan əsasında yenilənməsi ilə bağlı müraciət edib, lakin cavab almayıb. Baş nazir vurğulayıb ki, bu müddət ərzində iki ölkə rəhbərliyi arasında yüksək səviyyədə heç bir əlaqə olmayıb.
"Bu susqunluq gürcü xalqı və hakimiyyəti üçün təəccüblüdür. Çünki Gürcüstan uzun illərdir ABŞ-nin ən etibarlı tərəfdaşıdır. Ölkəmiz İraq və Əfqanıstan kimi ən qaynar nöqtələrdə ABŞ-ni dəstəkləyib və adambaşına düşən hərbi kontingent sayına görə ön sıralarda olub. Təkcə bu iki missiyada iştirak nəticəsində Gürcüstan ABŞ üçün 2,5 milyard dollar qənaət edib ki, bu da ölkəmizə göstərilən real yardımdan dəfələrlə çoxdur", - deyə Kobaxidze məktubda bildirib.