Ukrayna və ABŞ arasında yeraltı sərvətlərlə bağlı razılaşma: Rada qanunvericilik dəyişikliklərinə start verdi- ÖZƏL
12:51 DünyaUkrayna Ali Radasının profil komitəsi ABŞ-la yeraltı sərvətlərlə bağlı imzalanan razılaşmanın icrası üçün büdcə məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Olaylar.az xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak məlumat verib.
Deputat bildirib ki, mayın 13-də Ali Rada sözügedən qanun layihəsini birinci oxunuşda qəbul edə bilər. İkinci oxunuşun isə iyun ayının əvvəlində keçirilməsi planlaşdırılır.
Daha öncə Ali Rada deputatı Aleksey Qonçarenko qeyd etmişdi ki, razılaşmanın həyata keçirilməsi üçün təkcə büdcə məcəlləsinə deyil, həmçinin vergi məcəlləsi də daxil olmaqla, bir sıra maliyyə qanunvericiliyinə dəyişikliklər edilməlidir.
Ukrayna Nazirlər Kabineti 1 may tarixində ABŞ-la yeraltı sərvətlərə dair imzalanmış sənədin mətni yayımlayıb. Lakin sənədin ictimaiyyətə açıqlanmasından sonra bir çox media qurumları və deputatlar razılaşmanın şərtlərindən narazılıqlarını bildiriblər. Onların fikrincə, bu sənəd Ukraynanın iqtisadi suverenliyinin bir hissəsinin itirilməsi anlamına gəlir və burada təhlükəsizlik zəmanətləri öz əksini tapmayıb. Halbuki, Prezident Volodimir Zelenskinin ofisi bu zəmanətləri xüsusi vurğulayırdı. Deputatlar həmçinin razılaşmada adı çəkilən, lakin Rada üzvlərinə təqdim olunmayan iki əlavə sənədin mövcudluğundan da narahat olduqlarını bildiriblər.
Bütün narazılıqlara baxmayaraq, Ali Rada 8 mayda sənədi ratifikasiya edib. Prezident Volodimir Zelenski isə 12 mayda bu ratifikasiyanı təsdiqləyib.