Tramp Körfəz ölkələrinə səfərə başladı: İqtisadi razılaşmalar gündəmdədir- ÖZƏL
12:45 DünyaABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Səudiyyə Ərəbistanına səfərlə Körfəz turuna start verib. Dörd günlük səfər əsasən iqtisadi razılaşmalara fokuslansa da, Qəzza müharibəsi və İranın nüvə proqramı ilə bağlı gərginliklər də fonu təşkil edir.
Olaylar.az xəbər verir ki, Prezident Trampı bu səfərdə ABŞ-nin biznes elitasından bir çox tanınmış simalar müşayiət edir. Onların arasında Tesla şirkətinin rəhbəri və Trampın müşaviri İlon Mask da var. Trampın ilk dayanacağı Ər-Riyadda keçirilən Səudiyyə-ABŞ İnvestisiya Forumu olacaq. O, daha sonra çərşənbə günü Qətərə, cümə axşamı isə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Tramp bu dəfə İsrailə baş çəkməyəcək.
"Forumu açarkən Səudiyyə Ərəbistanının İnvestisiya naziri Xalid əl-Falih bildirib ki, enerji münasibətlərimizin təməl daşı olaraq qalsa da, krallıqla ABŞ arasındakı investisiya və biznes imkanları dəfələrlə artıb. Amerikalılarla Səudiyyəlilər bir araya gəldikdə, adətən yaxşı nəticələr əldə olunur, bəzən isə möhtəşəm uğurlar qazanılır," - deyə nazir bildirib.
Ənənəvi enerji-təhlükəsizlik mübadiləsinə əsaslanan ABŞ-Səudiyyə münasibətləri bu səfərlə yeni iqtisadi mərhələyə qədəm qoyur. Trampın gəlişi zamanı ABŞ prezidenti Səudiyyə F-15 qırıcıları tərəfindən müşayiət olunub.
Trampın bu, ikinci xarici səfəridir. O, ilk dəfə Papa Fransiskin dəfn mərasimi üçün Romaya getmişdi. Bu dəfəki səfər də geopolitik gərginliklər fonunda baş tutur. ABŞ prezidenti Rusiya-Ukrayna müharibəsinin həlli məqsədilə Türkiyədə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək ehtimalını da açıqlayıb.
Digər tərəfdən, ABŞ administrasiyası Qəzza üçün yeni humanitar yardım mexanizmi üzərində çalışır və İsrail Baş naziri Benyamin Netanyahuya atəşkəsə razılaşmaq çağırışını davam etdirir.
Həftəsonu Oman şəhərində ABŞ və İran rəsmiləri arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqlar keçirilib. Tramp diplomatik səylərin nəticə verməyəcəyi təqdirdə hərbi müdaxilə ilə hədələyib.
Səfərin əsas məqsədi isə iqtisadi gündəmdir. ABŞ, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ arasında trilyon dollarlıq investisiya anlaşmalarının elan olunacağı gözlənilir. Səudiyyə Ərəbistanı artıq bu ilin əvvəlində ABŞ iqtisadiyyatına dörd il ərzində 600 milyard dollar investisiya qoyacağını öhdəsinə götürmüşdü. Tramp bu rəqəmi 1 trilyona çatdırmağı planlaşdırır.
Prezidentə bu səfərdə Dövlət katibi və Milli Təhlükəsizlik müşaviri Marko Rubio, Müdafiə naziri Pit Hegset də müşayiət edir. ABŞ-ın Səudiyyəyə 100 milyard dollarlıq silah satışı təklif edəcəyi də bildirilir. Bu paketə C-130 tipli hərbi-nəqliyyat təyyarələri də daxil ola bilər.
Mənbələr bildirir ki, bu səfər zamanı Səudiyyə Ərəbistanı ilə İsrail arasında normallaşma məsələsinə toxunulmayacaq. Halbuki Trampın regiondakı əsas siyasi məqsədlərindən biri "Əbrahim Sazişləri"ni genişləndirməkdir. Lakin Netanyahu atəşkəsə və Fələstin dövlətinin yaradılmasına qarşı çıxmaqda davam edir.
Trampın Qətər və BƏƏ səfərləri də əsasən iqtisadi məsələlərə yönələcək. Qətər kral ailəsinin Trampa lüks Boeing 747-8 təyyarəsi hədiyyə edəcəyi gözlənilir. Bu addım etik mübahisələr doğursa da, Tramp təyyarəni prezidentlik kitabxanasına bağışlayacağını bildirib.