Tsiskarişvili: İvanişvilinin əsas məqsədi hakimiyyətini qorumaqdır – ÖZƏL
12:26 Dünya"Gürcüstanın gələcəyi Qərbə inteqrasiya olunmuş, uğura yönəlmiş bir yoldur və bu, İvanişvilinin maraqlarına uyğun deyil, çünki onun əsas məqsədi hakimiyyətini qorumaqdır." Bu fikirləri "Vahid Milli Hərəkat" Partiyasının baş katibi Petre Tsiskarişvili bildirib.
Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ Konqresində senatorlar və konqresmenlər bilməlidir ki, Qərbə və Amerikaya yönəlmiş Gürcüstan hələ də mövcuddur və yox olmayıb.
Petre Tsiskarişvili qeyd edib ki, Vaşinqtonda tərəfdaşlarla görüşlərə başlayıblar və bu proses digər institutlarda da davam edəcək. O, həmçinin Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Qərbyönlü siyasətinə görə təqib olunduğunu, hazırda dörd ildir təcrid və həbsdə saxlandığını vurğulayıb.
Partiyanın mətbuat xidmətinin məlumatına görə, "Vahid Milli Hərəkat"ın nümayəndə heyəti 12 mayda ABŞ-yə rəsmi səfərə başlayıb. Bu, ABŞ Konqresinin "Megobari Aktı"nı qəbul etməsindən sonra Gürcüstandan Vaşinqtona ilk rəsmi səfərdir.