Ukrayna müdafiə xərclərində 7,2 milyard dollarlıq büdcə kəsiri ilə üz-üzədir- ÖZƏL
13 May 11:14 DünyaUkrayna dövlət büdcəsində ölkənin Müdafiə Nazirliyinin artan ehtiyaclarını qarşılamaq üçün bu il 4,8 milyarddan 7,2 milyard dollara qədər çatışmazlıq var. Olaylar.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.
Deputatın sözlərinə görə, hərbi xərclər hətta Maliyyə Nazirliyinin 2025-ci il üçün planlaşdırdığı məbləğdən xeyli artıqdır:
"Bizim hərbi xərclərimiz, hətta Maliyyə Nazirliyinin planlaşdırdığı səviyyədən də yüksəkdir. Bu məsələ hələ müzakirə mərhələsindədir, lakin mənim əldə etdiyim məlumata görə, təxminən 200 milyard qrivna (təxminən 4,8 - 7,2 milyard dollar) məbləğində əlavə vəsaitdən söhbət gedir", - deyə Jeleznyak öz "YouTube" kanalında yayımladığı videoda bildirib.
Deputat büdcə kəsirinin yaranmasının əsas səbəblərindən birinin ordunun silah tələbatının artması olduğunu qeyd edib. O, əlavə edib ki, bu fərq 200-300 milyard qrivna arasında dəyişir və bu rəqəm Müdafiə Nazirliyinin əlavə tələblərinin necə hesablandığından asılıdır.
Jeleznyakın sözlərinə görə, büdcədə yaranan bu çatışmazlığın qarşılanması üçün 2025-ci il dövlət büdcəsinə dəyişikliklər ediləcək. O, bu məqsədlə vergi artımının nəzərdə tutulmadığını bildirib. Çatışmazlığın gömrük və vergi orqanlarından daxilolmaların artması, daxili borclanma və xarici donor yardımları hesabına ödənilməsi planlaşdırılır.
Xatırladaq ki, aprelin əvvəlində Ukraynanın "Ekonomichna pravda" nəşri Müdafiə Nazirliyinin oktyabr-dekabr aylarında hərbçilərə əməkhaqqı ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlərin bir hissəsini artıq sursat alınmasına yönəltdiyini yazmışdı.
Ukrayna rəsmiləri dəfələrlə bəyan ediblər ki, ölkə yalnız hərbi xərcləri öz daxili imkanları hesabına qarşılayır. Bütün digər büdcə xərcləri isə xarici yardımlar vasitəsilə maliyyələşdirilir. Qeyd olunur ki, bu yardımların əksəriyyəti kredit şəklində təqdim olunur. Ukraynanın keçmiş baş naziri Nikolay Azarov isə bəyan edib ki, Qərb kreditləri olmadan Ukrayna dövlət kimi mövcudluğunu itirə bilər.