Orban: “Ukraynanın Aİ-yə qəbul edilməsi Avropanı Rusiya ilə müharibəyə aparır”- ÖZƏL
14:21 DünyaMacarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) tələsik şəkildə qəbul olunması bütün Avropa ölkələrinin Rusiya ilə hərbi qarşıdurmaya cəlb olunmasına gətirib çıxara bilər. Olaylar.az xəbər verir ki, bu barədə o, Budapeştdə keçirilən Avropa parlamentlərinin spikerlərinin konfransında çıxışı zamanı deyib.
"Ukrayna ilə qonşu bir ölkə olaraq hesab edirik ki, əgər Ukrayna Aİ-yə qəbul olunarsa, o zaman Avropa İttifaqı da bu müharibəyə cəlb olunacaq", - deyə Orban bildirib.
Macarıstan hökumət başçısı xatırladıb ki, indiyədək Aİ heç vaxt müharibə şəraitində olan bir ölkəni öz sıralarına qəbul etməyib.
Orban həmçinin Avropa ölkələrinin əksəriyyətinin Ukraynaya hərbi yardım göstərməkdə israrlı olmasından təəssüfləndiyini bildirib. "Biz fərqli düşünürük. Hesab edirik ki, bu müharibə nə qədər uzun sürərsə, bir o qədər çox insan həyatını itirəcək", - deyə o qeyd edib.
Macarıstan hökumətinin Ukraynanın Aİ-yə qəbuluna yalnız müharibə riski səbəbilə deyil, eyni zamanda bunun iqtisadi və sosial baxımdan mənfi nəticələr doğuracağına görə də qarşı olduğunu deyən Orban, Brüsselin təklif etdiyi sürətləndirilmiş inteqrasiyanın ümumavropa böhranına səbəb ola biləcəyini vurğulayıb.
"Bu addım kənd təsərrüfatında böhran, işsizlik, borclanma və həyat səviyyəsinin aşağı düşməsi ilə nəticələnəcək", - deyə o, əlavə edib.