Peskov Ukraynada atəşkəs üçün birbaşa danışıqların vacib olduğunu bildirib – ÖZƏL

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna ilə atəşkəsin əldə olunması üçün Moskva və Kiyev arasında birbaşa danışıqlar zəruridir. 

Olaylar.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin mayın 11-də yerli və xarici KİV nümayəndələri qarşısında çıxış edərək, Ukraynanı heç bir ilkin şərt olmadan mayın 15-də İstanbulda birbaşa danışıqlara başlamağa çağırıb.

Putinin açıqlamasından dərhal sonra Peskov "Sky News" telekanalına verdiyi müsahibədə bu təşəbbüsün vəziyyətin ciddi analizi əsasında irəli sürüldüyünü bildirib: "Atəşkəsə sadəlövh yanaşma qəbuledilməzdir. Bir yol tapmaq üçün birbaşa danışıqlar aparılmalıdır."

Ukrayna Prezidenti Volodimir Zelenski isə bu təklifi qəbul etməzdən əvvəl Rusiya tərəfinin mayın 12-dən etibarən tam atəşkəsə razılaşmasını tələb edib və yalnız bundan sonra danışıqlara başlaya biləcəyini bildirib.

ABŞ Prezidenti Donald Tramp bazar günü Kiyev hakimiyyətini Putinin Türkiyədə danışıqlara başlamaq təklifini "dərhal" qəbul etməyə çağırıb. Onun sözlərinə görə, bu danışıqlar "heç olmasa, razılaşmanın mümkün olub-olmadığını müəyyən edə bilər."

Zelenski son açıqlamasında isə Rusiyanın dövlət başçısını mayın 15-də Türkiyədə gözlədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31