ABŞ prezidenti Orta Şərqə xarici səfərə çıxır – ÖZƏL
11:22 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp mayın 13-dən 16-dək Orta Şərqə rəsmi səfər edəcək. O, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini ziyarət edəcək. Bu, Trampın 20 yanvarda vəzifəyə başladıqdan sonra ilk genişmiqyaslı xarici səfəridir. Səfər çərçivəsində mayın 14-də ABŞ ilə Körfəz Əməkdaşlıq Şurası arasında sammitin keçirilməsi planlaşdırılır. Trampın bölgədə ABŞ-nin rolu və məqsədləri barədə baxışlarını paylaşacağı gözlənilir.
Səfərin əsas məqsədləri iqtisadi sazişlər bağlamaq, ABŞ iqtisadiyyatına sərmayə cəlb etmək və İsrail-Fələstin münaqişəsinin həllini müzakirə etməkdir. Qətər bu məsələdə əsas vasitəçi kimi çıxış edir. Bundan əlavə, Tramp qlobal neft qiymətlərinin azaldılması məsələsini də gündəmə gətirəcək.
Səfərdə Trampı Dövlət katibi Marko Rubio, Müdafiə naziri Pit Hegset, Maliyyə naziri Skott Bessent və digər rəsmilər müşayiət edəcək. Daha əvvəl Trampın Səudiyyə Ərəbistanında Rusiya Prezidenti Vladimir Putinlə görüşə biləcəyi iddia olunsa da, bu plan təkzib olunub.