Qətər Trampa 400 milyon dollarlıq təyyarə hədiyyə edəcək? – Qərar hələ verilməyib- ÖZƏL
10:47 DünyaQətər Müdafiə Nazirliyi ABŞ prezidenti Donald Trampa təqribən 400 milyon dollar dəyərində olan lüks Boeing 747-8 təyyarəsinin verilməsi ilə bağlı hələ yekun qərar qəbul etməyib. Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşrinə Qətərin Vaşinqtondakı səfirliyinin mətbuat attaşesi Əli əl-Ənsari məlumat verib.
Onun sözlərinə görə, Qətər Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) təyyarənin Tramp tərəfindən müvəqqəti istifadə üçün təqdim olunması məsələsini müzakirə edirlər: "Bu məsələ aidiyyəti hüquqi departamentlərdə araşdırılır və hələlik heç bir qərar verilməyib".
Qətər kral ailəsinin bu jesti ABŞ-da ciddi narazılıq yaradıb. "Axios" portalının məlumatına görə, konqresmen Riçi Torres bu məsələ ilə bağlı ABŞ Hesablama Palatasına, Etika Komitəsinə və Pentaqonun baş inspektoruna müraciət edərək araşdırma aparılmasını tələb edib. Tənqidçilər arasında Senatdakı demokrat azlığın lideri və Kaliforniya senatoru Adam Şiff də var.
Qeyd edək ki, 11 may tarixində ABC News telekanalı öz mənbələrinə istinadən Qətər kral ailəsinin ABŞ liderinə "uçan saray" hədiyyə etməyi planlaşdırdığını açıqlayıb. Mütəxəssislər təyyarənin dəyərini əlavə avadanlıqların quraşdırılması xaricində 400 milyon dollar olaraq qiymətləndirirlər. Bu, ABŞ-nin xarici dövlətdən ala biləcəyi ən bahalı hədiyyələrdən biri ola bilər.