İsrail hakimiyyəti Qəzza zolağında əməliyyatın genişləndirilməsi planını təsdiqlədi– ÖZƏL
5 May 12:32 DünyaOlaylar.az xəbər İsrailin hərbi-siyasi kabineti bazar ertəsinə keçən gecə Qəzza zolağında əməliyyatın genişləndirilməsi planını təsdiqləyib. Bu barədə baş nazirin aparatının müşaviri Dmitri Hendelman özünün Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, Baş Qərargah rəisi tərəfindən təqdim olunmuş, HƏMAS hərəkatının tamamilə məhv edilməsi və israilli girovların azad edilməsi məqsədi daşıyan operativ plan yekdilliklə qəbul olunub.
Plana Qəzzada ərazilərin ələ keçirilməsi və nəzarətdə saxlanması, mülki əhalinin təhlükəsizlik naminə cənuba köçürülməsi, HƏMAS-ın humanitar yardımdan məhrum edilməsi və infrastrukturla komanda mərkəzlərinə güclü zərbələr vurulması daxildir.
Hendelman bildirib ki, Baş nazir Benyamin Netanyahu kabinet iclasında bu planı reallığa uyğun və effektiv adlandıraraq, onun iki əsas məqsədə - HƏMAS-ı məğlub etmək və girovları geri qaytarmaq - çatmağa imkan verəcəyini qeyd edib.
Daha əvvəl İsrailin yaxın günlərdə Qəzzada hərbi əməliyyatları genişləndirməyə hazırlaşdığı barədə məlumat yayılmışdı.
Husilər isə Ben Qurion hava limanına hücumlar vasitəsilə İsraili tam hava blokadasına almaq planlarını bəyan etmişdilər.