Rumıniyada prezident seçkilərinin birinci turunda sağçı namizəd qalib gəlib- ÖZƏL

Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda səslərin 99,9 faizinin hesablanmasından sonra ifrat sağçı "Rumıniya Birliyi" alyansının lideri, Avropa İttifaqına skeptik yanaşan Corce Simion inamlı qələbə qazanıb. O, seçicilərin 40,88 faizinin səsini toplayaraq ikinci tura vəsiqə qazanıb. Olaylar.az xəbər verir ki, Rumıniyanın Daimi Seçki Bürosunun yaydığı məlumata görə, müstəqil namizəd, Buxarestin meri Nikuşor Dan 20,98 faiz səslə ikinci yeri tutub. Hakim koalisiyanın - Sosial Demokrat Partiyası, Milli Liberal Partiya və Rumıniya Macarları Demokratik İttifaqının vahid namizədi Krin Antonesku isə 20,12 faiz səslə üçüncü olub və ikinci tura keçə bilməyib.
Reuters yazır ki, 38 yaşlı Simion qonşu Ukraynaya hərbi yardım göstərilməsinə qarşı çıxır, Aİ rəhbərliyini tənqid edir və ABŞ prezidenti Donald Trampın "Amerikanı yenidən böyük edək" hərəkatını dəstəklədiyini bildirir. "Biz - Trampın partiyasıyıq. Rumıniyanı biz idarə edəcəyik və onu NATO-da güclü tərəfdaş və ABŞ-ın etibarlı müttəfiqinə çevirəcəyik", - deyə Simion seçki məntəqələri bağlandıqdan sonra xarici jurnalistlərə bildirib.
Onun rəqibi Nikuşor Dan isə jurnalistlərə açıqlamasında ikinci turun çətin keçəcəyini qeyd edib: "Bu, iki nəfər arasında deyil, Rumıniyanın qərbyönümlü və qərb əleyhinə yol arasında seçimi olacaq. Vəzifəmiz seçiciləri inandırmaqdır ki, ölkəmizin qərbyönlü yol tutması vacibdir. Bu, növbəti iki həftədəki kampaniyamızın əsas məqsədi olacaq".
Corce Simion və Nikuşor Dan arasında keçiriləcək prezident seçkilərinin ikinci turu 18 may tarixində baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31