İran və ABŞ arasında növbəti nüvə danışıqları Romada keçiriləcək – ÖZƏL

İran və ABŞ arasında nüvə proqramı ilə bağlı dördüncü raund danışıqlarının Romada baş tutacağı bildirilib. 

Olaylar.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Ərakçi İran televiziyasına açıqlamasında məlumat verib.

"Qəbul edən tərəfin - yəni Omanın - bəyanatına əsasən, növbəti raund Romada keçiriləcək", - deyə Ərakçi qeyd edib.

Nazirin sözlərinə görə, danışıqlardan öncə, 2 may tarixində İran Avropa üçlüyü (Böyük Britaniya, Fransa və Almaniya) ilə məsləhətləşmələr aparacaq. Buna baxmayaraq, Tehran ABŞ ilə danışıqları əsas prioritet kimi görür.

Ərakçi bildirib ki, əgər ABŞ ilə razılıq əldə olunsa, sazişin şərtlərinə əməl olunmasını Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) yoxlayacaq.

İran və ABŞ arasında üçüncü raund dolayısı danışıqlar 26 aprel tarixində Oman Sultanlığında keçirilib. Danışıqlarda İran XİN rəhbəri Abbas Ərakçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, həmçinin hər iki tərəfin texniki qrupları iştirak ediblər. Görüşün nəticələri ilə bağlı Ərakçi danışıqların gedişindən razı olduğunu bildirib, lakin bəzi ziddiyyətlərin hələ də qaldığını da vurğulayıb. Növbəti görüşlərin eyni səviyyədə davam edəcəyi qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31