İran BMT-də Fransanın nüvə ittihamlarını rədd edib – ÖZƏL
14:14 Dünyaİranın BMT-dəki daimi nümayəndəsi və səfiri Əmir Səid İravani Fransanın xarici işlər naziri Jan-Noel Barronun "İran nüvə silahı əldə etməyə yaxındır" iddiasını əsassız və siyasi baxımdan məsuliyyətsiz adlandıraraq rədd edib.
Olaylar.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının 28 aprel 2025-ci il tarixli qapalı iclasından sonra səsləndirilən bu ittihamlara cavab olaraq İravani bildirib ki, İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb və bütün kütləvi qırğın silahlarını, o cümlədən nüvə silahlarını qəti şəkildə rədd edir. O əlavə edib ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) sadiqdir və Beynəlxalq Atom Enerjisi Agentliyi ölkənin nüvə proqramının dinc xarakterini davamlı olaraq təsdiqləyib.
İranlı diplomat Fransanın sanksiyalarla hədələməsini və "snapback" mexanizmini işə salmaq təhdidini beynəlxalq hüququn pozuntusu və BMT Nizamnaməsinə zidd adlandırıb. İravani həmçinin Fransanı İsrailin nüvə proqramına susqun yanaşmaqda və NPT-nin VI maddəsi üzrə öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.
İran diplomatiyaya sadiq qaldığını vurğulasa da, İravani qeyd edib ki, təhdid və təzyiqlər altında konstruktiv dialoq mümkün deyil.