Ukrayna ordusuna qayıtmaq istəyən fərarilər üçün son tarix yenidən uzadıldı- ÖZƏL 

Ukrayna Ali Radası hərbi hissəni özbaşına tərk etmiş hərbçilərin könüllü şəkildə orduya qayıtması üçün verilmiş müddəti 2025-ci ilin 30 avqustuna qədər uzadıb. Olaylar.az xəbər verir ki, bu barədə parlamentin deputatı Yaroslav Jeljaznyak özünün Telegram kanalında məlumat verib.
"Rada hərbi hissəni özbaşına tərk etmiş hərbçilərlə bağlı bəzi məsələlərin tənzimlənməsi təşəbbüsünü dəstəklədi. Əslində, könüllü qayıdış üçün müddət 30 avqusta qədər uzadıldı", - deyə o bildirib. Onun sözlərinə görə, qanun layihəsi parlamentdə birbaşa iki oxunuşda qəbul olunub.
Bu hazırda Ukrayna ordusu üçün ciddi problemə çevrilib. Rəsmi qurumlar bunu etiraf etsə də, konkret statistika açıqlamırlar. Yerli ekspertlər və deputatların verdiyi məlumata görə, söhbət yüz minlərlə hərbçidən gedə bilər. 2024-cü ilin mart ayında Ukrayna Dövlət İstintaq Bürosu məlumat vermişdi ki, hərbi hissəni özbaşına tərk edən əsgərlərin cəmi 10%-i mövcud qanun çərçivəsində cəzasız şəkildə orduya qayıtmaq hüququndan istifadə edib.
Xatırladaq ki, 2024-cü ilin noyabr ayının sonunda Prezident Vladimir Zelenski hərbi hissəni ilk dəfə tərk etmiş və ya dezertirlik etmiş şəxslərin könüllü şəkildə xidmətə qayıtmasına imkan verən qanunu imzalayıb. Həmin qanuna əsasən, hərbi vəziyyət dövründə könüllü şəkildə qayıdan hərbçilər xidmətlərini əvvəlki müqavilə əsasında davam etdirə bilərlər. Əvvəlcə bu hüquqdan istifadə müddəti 2025-ci il yanvarın 1-dək nəzərdə tutulmuşdu, lakin sonradan bu müddət bir neçə dəfə uzadılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31