Kəşmir bölgəsində gərginlik artır: Pakistan Hindistanla sərhəddə hərbi hazırlığı gücləndirib- ÖZƏL
11:56 DünyaPakistan Kəşmirin Hindistanla sərhədində yerləşən Nəzarət Xəttində (LoC) hərbi hazırlığını artırıb. Olaylar.az xəbər verir ki, bu barədə The Economic Times nəşri məlumat yayıb. Artan hərbi gərginlik fonunda Pakistan Silahlı Qüvvələri Sialkot sektorunda ön cəbhəyə hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələri yerləşdirib. Eyni zamanda, tank və piyada diviziyaları yenidən dislokasiya olunub, hərbi hissələr arasında intensiv təlimlər həyata keçirilir.
Pakistanın Baş naziri Şahbaz Şərif BMT Baş katibi Antonio Quterreşlə telefon danışığında Pahalgam bölgəsində Hindistan Kəşmirində baş verən və 26 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə İslamabadın heç bir əlaqəsinin olmadığını bildirib. O, sosial şəbəkədəki paylaşımında qeyd edib: "Pakistanın terrorizmin bütün formalarını qınadığını təsdiqlədim, Hindistanın əsassız ittihamlarını rədd etdim və Pahalgam hadisəsi ilə bağlı şəffaf və neytral araşdırma çağırışı etdim."
Şahbaz Şərif həmçinin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Kəşmir probleminin həllində təşkilatın fəal rol oynamasına çağırıb. "Pakistan sülhə sadiqdir, lakin suverenliyinə təhdid olduğu halda onu qorumaq üçün bütün gücündən istifadə edəcək", - deyə baş nazir vurğulayıb.
Bundan əlavə, Pakistanın informasiya və yayım naziri Attaulla Tarar 29 aprel tarixində bəyan edib ki, Hindistan 24-36 saat ərzində Pakistana hücum etməyi planlaşdırır.
Gərginliyin fonunda beynəlxalq ictimaiyyətin vəziyyəti yaxından izlədiyi bildirilir.