Ermənistan və Gürcüstan strateji tərəfdaşlığı gücləndirir – ÖZƏL

Ermənistan və Gürcüstan ortaq maraqlara malikdir və münasibətlər bu maraqlar əsasında qurulmalıdır. 

Olaylar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəyə ilk rəsmi səfərlə gəlmiş Gürcüstan Prezidenti Mixail Kavelashvili ilə görüşündə deyib.

Baş nazir xatırladıb ki, iki ölkə ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bu addım Cənubi Qafqazın uzunmüddətli inkişafına yönəlmiş qarşılıqlı niyyətləri əks etdirir.

Prezident Kavelashvili isə çıxışında Ermənistan və Gürcüstan arasında dostluğun 3 min illik tarixi olduğunu bildirib. Onun sözlərinə görə, bu münasibətlər dünyanın bir çox ölkələri üçün unikal nümunədir. O, ötən il imzalanmış strateji tərəfdaşlıq sazişinə uyğun olaraq əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Gürcüstan dövlət başçısı iki ölkənin Cənubi Qafqazı daha güclü və firavan edə biləcəyinə inandığını qeyd edib. O, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasını da alqışlayaraq sənədin tezliklə imzalanacağına və regionda sabitlik və sülhün təmin olunacağına ümid etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31